Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” oyunu üzrə Universiada təşkil olundu. Turnir Bakcell şirkəti, Troyka Energy, Real English şirkətlərinin və intellektualların dostu olan National Geographic Azərbaycan jurnalının dəstəyi ilə keçirildi.
Xəzər İntellektual Gənclər Klubundan Oxu.Az-a verilən məlumata əsasən, universiadanın seçim turları ölkənin bir çox rayonlarında təşkil olunmuşdu. Seçim turları nəticəsində Respublikanın 16 bölgəsindən finala vəsiqə qazanmış 66 komanda öz intellektual bacarıqlarını nümayiş etdirməyə imkan tapdılar. 500-ə yaxın gəncin iştirakı ilə baş tutan finalda ölkənin ən güclü tələbə komandaları iştirak etdilər. 60 sualdan ibarət olan oyun marafonunun suallar paketinin redaktoru Oktay Məhərrəmov oldu. Suallar tələbələrin dünya görüşü və bilik səviyyəsinin yoxlanılması, onların Azərbaycan və dünya haqqında bildiklərini imtahana çəkdi. Universitetlərdəki qış imtahan sessiyasından sonraya təsadüf edən intellektual yarışma tələbələr üçün əsl sınaq oldu.
Uzun sürən mübarizədən sonra Bakı Dövlət Universitetinin komandası Universiadanın qalibi oldu. Azərbaycan Dövlət İqtisad Universitetinin komandası ikinci, Dövlət İdarəçilik Akademiyasının komandası isə üçüncü yeri qazandı. Qaliblər kubok, medallar və hədiyyələrlə mükafatlandırıldılar.