Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Neftçalada mavi yanacaqdan məhrum kənd: "Təbii qaz yoxdur, odun doğramağa da icazə verilmir"
Neftcala rayonunun Bala Surra kəndində yaşayan sakinlər kənddə təbii qazın olmamasından şikayətçidirlər.
Bununla bağlı Oxu.Az-a şikayət daxil olub.
Qeyd olunub ki, kənddə 40 ev var və 2015-ci ildən təbii qazın olmaması bu gün kəndin ən böyük və əsas problemidir.
"Uzun illər susuzluqdan və yolsuzluqdan əziyyət çəkmişik. Artıq o problemlər həll olunub, amma təbii qaz problemimizi həll edən yoxdur. Dəfələrlə aidiyyəti yerlərə müraciət etsək də, heç nə dəyişmir. Kənddə təbii qaz yoxdur, odun doğramağa da icazə verilmir. Bəs biz necə yaşayaq?", - deyə şikayətdə bildirilir
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev bildirib ki, Bala Surra kəndinin qazlaşdırılması məsələsinə "Azəriqaz" İB-nin maliyyə imkanlarından asılı olaraq növbəti mərhələlərdə baxıla bilər.
"Amma dəqiq müddət demək çətindir. Bu, maliyyə imkanlarından, işin gedişindən və proseslərin hansı səviyyədə cərəyan etməsindən asılıdır. Ümumilikdə qeyd edə bilərəm ki, Neftçala rayonunun qazlaşma səviyyəsi abonent sayına görə 92% təşkil edir", - deyə E.Vəliyev bildirib.
Əzizə İsmayılova