Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Nərgiz Paşayeva AMEA-nın vitse-prezidenti seçildi
Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, professor Nərgiz Paşayeva bu gün AMEA-nın ümumi yığıncağında qurumun vitse-prezidenti vəzifəsinə seçilib.
Oxu.Az xəbər verir ki, AMEA-nın həqiqi üzvləri, akademiklər İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev, Dilqəm Tağıyev və İradə Hüseynova da seçki yolu ilə Akademiyanın vitse-prezidentləri vəzifələrinə seçiliblər.
Bundan başqa, açıq səsvermə yolu ilə AMEA-nın müxbir üzvü Bilal Bilalov Akademiyanın vitse-prezidenti vəzifəsinin icraçısı seçilib.
Qeyd edək ki, İ.Quliyev, İ.Həbibbəyli, T.Nağıyev və D.Tağıyev bu seçkiyə qədər də həmin vəzifələri icra edirdi. N.Paşayeva, İ.Hüseynova, B.Bilalov isə yeni vitse-prezidentlər seçiliblər. Beləliklə, hazırda Akademiyanın 7 vitse-prezidenti var. Vitse-prezidentlər bu vəzifəyə 5 il müddətinə seçilirlər.
N.Paşayeva AMEA-da təhsil, İ.Hüseynova isə biologiya məsələrinə baxacaq.
N.Paşayeva, İ.Hüseynova və B.Bilalov həm də Rəyasət Heyətinin yeni üzvləri seçiliblər.
İclasda Akademiyanın bölmələrinin akademik katibləri də seçilib.
Belə ki, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev qurumun akademik katibi seçilib. Akademiyanın Biologiya və Tibb Elmlər Bölməsinin akademik katibi Əhliman Əmiraslanov, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik katibi Nazim Məmmədov, Yer Elmləri Bölməsinin akademik katibi Fəxrəddin Qədirov, Kimya Bölməsinin akademik katibi Dilqəm Tağıyev, İctimai Elmlər Bölməsinin akademik katibi Nərgiz Axundova, Humanitar Elmlər Bölməsinin akademik katibi isə Teymur Kərimli olub.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
Rəylər