Müsahibimiz öz ilk biznesini 2002-ci ildə Rusiyada Yekaterinburq şəhərində açıb. Şəxsi evlərin tikilməsi, təmiri ilə məşğul olub. Şirkətin işləri yaxşı gedib, biznesi uğurlu alınıb.
Oxu.Az-ın "Peşəkar" lahiyəsinin qonağı Bakıda ən iri rieltor firmalarından biri olan “Fortuna-N” firmasının direktoru Nofəl Quliyevdir.
Nofəl Quliyev Rusiyada 2007-ci ilə qədər işləyib, sonra isə Azərbaycana qayıdıb. Hal-hazırda o, hüquqi və rieltor xidmətləri göstərən “Fortuna-N” rieltor şirkətinin rəhbəridir.
Nofəl müəllim Ağdam rayonunun İsmayılbəyli kəndindəndir. 1986-cı ildə kənd məktəbini fərqlənmə ilə bitirib. Hazırlıq kurslarında məşğul olduqdan sonra 1991-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. Təhsilini 5 ildən sonra fərqlənmə ilə başa çatdırıb.
Nofəl müəllim danışır ki, Bakıya qayıtdıqdan sonra o, ixtisası üzrə iş tapmağa çalışıb, amma bu axtarışların nəticəsi uğursuz olub. Nəticədə o, çox cəsur və məsuliyyətli bir qərarı - şəxsi şirkətini açıb yalnız özü üçün işləməyi qəbul edib. Birinci tikinti şirkətini o, Yekaterinburqda açıb. Bakıya qayıtdıqdan sonra daşınmaz əmlakla məşğul olmaq qərarına gəlib.
- Nofəl müəllim, niyə məhz daşınmaz əmlak?
- 2007-2008-ci illərdə Azərbaycanın daşınmaz əmlak bazarı yüksəliş mərhələsində idi. Daşınmaz əmlak alqı-satqısı pik nöqtədə idi. Həm də ki, hüquq təhsilim bu sahədə özümü arxayın hiss etməyimə imkan verirdi. Şirkətin rəsmi təsis günü 2008-ci il fevral ayının 14-dür. “Fortuna-N” mənim şəxsi şirkətimdir.
- “Fortuna-N”nin fəaliyyəti barədə ətraflı danışın...
- Şirkətimiz daşınmaz əmlak ilə məşğul olur, amma bu onun yeganə fəaliyyət istiqaməti deyil. Əsasən “Fortuna-N” daşınmaz əmlak sahəsində alqı-satqı və icarə üzrə ixtisaslaşıb. Bizim müştərilərimiz əsasən personal üçün mənzil kirayələyən xarici firmalardır. Bundan başqa, şirkət təmir-tikinti işləri ilə məşğul olur, həmçinin hüquq xidməti göstərir.
- Sizin biznes bir yerdə cəmlənib, ya törəmə firmalarınız mövcuddur?
- Fəaliyyət göstərdiyimiz illər boyu firmanın fəaliyyət sahəsi genişlənib. Baş ofisdən başqa iki filialımız da yaradılıb. Gələcəkdə daha da genişləndirməyi düşünürük.
- Firmanızın adında hər şey deyilib. Bu, uğurun sizə gülümsəməsinin zəmanətidir?
- Ad pozitiv əhval-ruhiyyə yaradır. Bu, mənim həyat kredomdur. Mənim ofisimdə heç kim kefsiz gəzmir. Hamı gülümsəyir, səmimidirlər. Pozitiv əhval uğura zəmanətdir.
- Kollektiviniz haqqında bir neçə kəlmə danışardınız...
- Bizim şirkət digərlərindən kollektivin daxili münasibətlərilə fərqlənir. Çünki bu münasibətlər elə qurulub ki, hər kəs özünü böyük bir ailənin üzvü hesab edir. Qarşılıqlı hörmət məhsuldar iş atmosferini təmin edir. Bizim kollektiv çox əməksevər və mehribandır. Razılaşın ki, iş bizim ikinci ailəmizdir, axı günün əsas hissəsini işdə keçiririk. İş günümüz səhər 9-dan axşam 8-9-a qədər çəkir. Biz böyük, mehriban bir ailə kimiyik. Biz işimizi peşəkar səviyyədə qururuq. Bizim rieltorlar sadəcə “makler” deyil, onlar əsl peşəkarlardır. Biz onların hazırlığına xüsusi diqqət ayırırıq.
- Kollektivinizdə korporativ tərkib nə dərəcədə güclüdür?
- Biz buna ciddi diqqət edirik. İşçilərimizin mədəni istirahətini təşkil edirik. Tez-tez təbiət qoynuna çıxırıq, müxtəlif bayramları qeyd edirik. İşçilər daha effektiv işləmələri üçün enerji almalıdırlar.
- Bəs rəhbər kimi özünüzü necə xarakterizə edərdiniz?
- Mən despotizmin tərəfdarı deyiləm. Mənim fikrimcə rəhbər işçilərinə nümunə olmalıdır, amma təzyiq etməmlidir. İşçilərlə münasibəti demokratik şəkildə qururam. Bu mənə daha yaxındı. Mən yeni əməkdaşlara danışıqları necə aparmaq lazım olduğunu, müqavilələrin bağlanma üsullarını öyrədirəm. Bunda birbaşa iştirak edirəm: obyektlərin tanıtımına, müştərilərlə görüşlərə gedirəm.
Direktor kreslosunda oturaraq kənardan müşahidə etməklə işin irəliləyəcəyini düşünmürəm. Həmişə hadisələrin mərkəzində oluram və düşünürəm ki, öyrətmək, yeni işçiləri dəstəkləmək və istiqamətləndirmək lazımdır. Bu mənim rəhbər kimi borcum, ümumi uğurumuzun zəmanətidir.
- Uğurlu biznes xeyriyyə işləri üçün müqəddimədir. Şirkətinizin bu sahədə fəaliyyəti barədə nə deyə bilərsiz?
- Xeyriyyəçilik hər bir imanlı insanın həyatının ayrılmaz hissəsidir. Mən Allaha inanıram, ona görə də həyatın bu sferasına önəm verirəm. Firma yaranan gündən hər ay xeyriyyəçilik məqsədi ilə nəzir paylayırıq. Ayda iki-üç dəfə Mir Mövsüm Ağanın ziyarətgahına gedirik, qurban kəsirik. Qurban əti ehtiyacı olan ailələrə paylanılır. Bundan başqa, müxtəlif xeyriyyə kampaniyalarında da iştirak edirik.
- Sizcə uğurun düsturu nədədir?
- Mən müxtəlif yerlərdə işləmişəm, ona görə də deyə bilərəm ki, harda və hansı vəzifədə işləməyimdən asılı olmayaraq işimi sevmişəm. Əsas sirr isə məhz öz işini, sənətini sevməkdədir. İş yorğunluq deyil, sevinc gətirməlidir. Gəlirdən başqa işdən həzz də almaq lazımdır.
Bir sözlə, uğur qazanmaq üçün işini sevməlisən. İşləmək, inkişaf etmək, mükəmməlləşməyə doğru addımlamaq lazımdır. Mən ümumiyyətlə, hesab edirəm ki, uğurlu insan səhər tezdən işə tələsməlidir, axşam isə sevinclə ailəsinin yanına qayıtmalıdır.
Uğurun digər vacib amili müştərilərin inamıdır. Bu biznesin ən əsas kapitalıdır. Müştərilərin inamını sadəcə qazanmaq lazım deyil, həm də yüksək səviyyədə doğrultmaq lazımdır. İş adamının əsas vəzifəsi budur.
Gülnarə Zeynalova
www.oxu.az