Kubra Məhərrəmova yazır…
Bizi hər zaman Koroğlu, Babək kimi yarıhəqiqi, yarımifik qəhrəmanlarla böyütdülər. Qəhrəmanları da çox zaman kinoda, kitabda gördük. Amma heç gözləmədiyimiz anda əsl qəhrəmanların yanımızda olduqlarının fərqinə vardıq.
Bəlkə də çoxumuz bu qəhrəmanlarla bir avtobusda yol getmişik, eyni növbədə dayanmışıq, eyni kafedə çörək yemişik. Onların varlığından xəbərsiz olaraq. Çox təəssüf ki, onları itirəndən sonra bilmişik kim, kimdir. Şəxsən mənim kimi milyonlarla adam Polad Həşimovu ölümündən sonra tanıdı. Kabinet generalı olmayan, hər zaman səngərdə, əsgəri ilə bir yerdə olan, son tikəsini əsgərləriylə bölüşən birini.
Prezidentin ona bağışladığı mənzili şəhid ailəsinə verən neçə general tanıyırıq? Heç nə qədər… Heç sanmıram ki, bundan sonra belə bir halla qarşılaşaq.
Polad Həşimov haqqında daha çox məlumat əldə etdikcə onun ölümünə bir o qədər çox heyfsləndik. General özü üçün çox rahat karyera qura bilərdi. İsti otaqda oturub səngərlərə getməyə bilərdi. Amma onun üçün hər şeydən əvvəl vətən, müqəddəs amal var idi. Bunun üçün də hər şeyi göz önünə aldı.
Polad Həşimovun şəhid olması gerisayım üçün istinad nöqtəsi oldu. Xalqın özünü dərk etməsinə səbəb oldu. Biz kimik, hara gedirik, sualına cavab oldu. Kişili-qadınlı anladıq ki, bu torpaq üçün biz vuruşmalıyıq. Polad kimi. Torpağa yiyə durmalıyıq.
Bu gün Talış yükəkliklərində “Polad postu” var. 2016-cı ildə general bu döyüş postunu özü azad etmişdi və onun şərəfinə posta onun verilmişdi. Polad Həşimov 2017-ci ildən 3-cü Ordu Korpusunun Komandir müavini - qərargah rəisi vəzifəsində çalışırdı. Bu isə Ali Baş Komandanın ona qarşı etimadından xəbər verirdi.
Deyirlər, od düşdüyü yeri yandırır. Amma Polad Həşimovun ölümü hamını yandırdı. Onun anasının evinin qarşısına yığılan insan izdihamı buna sübut idi. Küçələrə çıxan onminlərlə insan buna sübut idi. Ruhun şad olsun, cənab general! Səni heç vaxt unutmayacağıq! Sən bizə kim olduğumuzu ölümün bahasına başa saldın. Çox ağır və baha qiymətə …
Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan 12 hərbçimizin hər biri üçün böyük ehtiramla sayğı duruşu!
General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elçin Mustafazadə, baş leytenant Rəşad Mahmudov, çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov, əsgər Xəyyam Daşdəmirov, əsgər Nazim İsmayılov.