Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Parklanma, yoxsa talanma?
Kubra Məhərrəmova yazır...
Açığı metronun “28 May” stansiyası ərazisində maşınların girişinə qadağa qoyulanda, nə yalan deyim, birinci mən sevindim. Çünki oradakı xaotik vəziyyətin hökm sürməsi, kimin harada gəldi maşın saxlaması, avtobusların dayanacağı, insan selinin oradan keçməsi, adamda narahatlıq yaradırdı. Adama elə gəlirdi ki, bu dəqiqə kimsə maşının altında qalacaq. Hələ metrodan çıxan tələbə selini demirəm. Sevindim ki, şükür Allaha, ora bir sahmana düşdü.
İndiki cavanlar bilməz, mən bir zamanlar “28 May” stansiyasının ətrafındakı bazarı da görmüşəm. Qatardan düşən adamlar elə meydanda pendir-şor qazanlarını qoyub alver edirdilər. Lavaş satan kim, ət-toyuq satan kim, göy-göyərti, meyvə-tərəvəz satan kim. Bildiyiniz Hindistan filmi idi. Hələ “rus pulu”, “çek” satanların da meydanda ayrıca “yeri” var idi.
Bütün bu “mənzərə”yə isə yüksəklikdən dəyərli dramaturq, ədib, ziyalı Cəfər Cabbarlının heykəli baxırdı. Çünki o zamanlar hələ orada “Mall” yox idi. İndi isə bazar yığışıb, yerində müasir ticarət mərkəzi yaradılıb. O vaxt kaş kimsə bu barədə film çəkərdi...
Hər nə isə, xəyallardan ayrılıb reallığa qayıdaq. Zamanla ayaqlaşmaq, yenilənmək, inkişaf etmək lazımdır.
Elə yenilənmək uğrunda qollarımızı çırmalayıb nəsə etmək istəyən kimi, hansısa qara əl peyda olub, aranı elə qarışdırır ki, qolumuz-qanadımız sınır düşür yanımıza.
Mən Bakı şəhərinin mərkəzinin maşınlardan azad olunmasından və şəhərin daha çox piyadaların sərəncamına verilməsindən yanayam və bu qəbildən olan bütün layihələri dəstəkləyirəm. Özü də ikiəlli.
Amma bu azadlıq digərlərinin hüquqlarını pozmamalı, azadlıqlarını məhdudlaşdırmamalıdır. Necə ki, gecə ilə paytaxtda olan dayanacaqların qiyməti bir neçə qat artırıldı.
Və layihə sahibləri bunu onunla əsaslandırırlar ki, bəs uzaq Avropa diyarının şəhərlərində parkinq qiymətləri lap çox bahadır, hələ gününüzə şükür edin. Bir yeyib, üç dəfə parklama pulu verin ki, qiymətləri belə saxlayaq.
Amma mənə elə gəlir ki, layihə sahibləri insanlara bir balaca avam kimi baxırlar. Çünki qiymətlər əl yandırır. Təsəvvür edin ki, metronun “28 May” stansiyasının ətrafında maşın saxlamaq üçün sürücülər 2 saatına 4 manat, 10-15 saatına 22 manat, 1 sutkasına isə 30 manat ödəməli olacaq.
Yeri gəlmişkən, 30 manata pis-yaxşı evə bazarlıq etmək olar. Nəinki bir sutkalıq maşını park etmək. Ya da bu qiymətləri müəyyən edən kəslər üçün 30 manat pul deyil. Xalq arasında deyilən kimi “semiçka pulu”dur.
Elə bu xəbəri eşidər-eşitməz yeraltı park yerləri də gecə ilə qiymətləri qaldırdılar. Harada? Elə “Qış Parkı”nın altında yerləşən yeraltı dayanacaqda. Elə bil bu dayanacaq yerin altında deyil, göyün yeddinci qatında fəaliyyət göstərir.
Qiymətlər isə fantastik - 6-10 saat 4 manat, 12-24 saat isə 8 manat.
Dünən əgər gündəlik 12 saatlıq parklanmaya görə bir ay üçün 30 manat, 24 saatı üçün isə 60 manat ödənilirdisə, artımdan sonra 12 saat üçün 80 manat, 24 saat üçün isə 120 manat ödəniləcək. Bir sual yaranır, dayanacaq rəhbərliyi və qiymət artımında rolu olan qurumlar dayanacaqda 170% artımın müqabilində əlavə hansı xidmətləri təklif edəcəklər? Əgər əlavə xidmət göstərilmirsə, o zaman qiymətin artırılması hansı zərurətdən yaranır?
Günə 8 manat parkinqə verənəcən, orta statistik ofis, idarə işçisi elə taksi ilə gedib-gələr, yanacaq pulu da qalar cibində. Daha niyə özünü tıxaca, əsəbə salsın ki?
Yox, madam ki, bütün aparılan qiymət və parklanma siyasəti şəhərimizin daha da ekoloji cəhətdən inkişafı üçün nəzərdə tutulub, o zaman bir zəhmət əvvəlcə ictimai nəqliyyata bir əncam çəkin, sonra başlayın fantastik qərarlar verməyə...
Nə vaxt ki, bizdə də uzaq Avropa şəhərindəki kimi ictimai nəqliyyat saat kimi işləyəcək, metro iki-üç cür olacaq, avtobuslar reyslərdə dayanmadan, gecikmədən işləyəcək, sürücülər normal qaydada xidmət göstərəcək, tələbə, uşaq və təqaüdçülərə gediş haqqı pulsuz, ya da imtiyazlı olacaq, onda bahalı parklama qiymətlərini yumruğunuzla bərabər çırparsınız stola. Və deyərsiniz ki, budur! İctimai nəqliyyatı elə gözəl işə salmışıq ki, uzaq Avropa diyarındakılar bizə paxıllıq edir, xəbislik edir, gözləri bizi götürmür.
Amma bugünkü reallıqla bunu adı adam soymaqdır, quldurluqdur!
Rəylər