Uşaqların sosial şəbəkələrdən istifadəsinin tənzimlənməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan yeni dəyişikliklər diqqəti azyaşlıların rəqəmsal təhlükəsizliyinə yönəldir. Nəzərdə tutulanların reallaşması həm də valideynlərin rəqəmsal savadlılığına birbaşa bağlıdır. Bəs rəqəmsal mühitdə uşaqları qorumaq üçün bu prosesin əsas iştirakçısı olan valideynlərin və digər himayədarların rəqəmsal savadlarının artırılması istiqamətində hansı addımlar atılmalıdır?
Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Uşaqların rəqəmsal təhlükəsizliyi ailənin maariflənməsi ilə təmin olunur"
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) rəhbəri Pərvinə Qədimova hesab edir ki, valideyn nəzarət alətlərini, yaş məhdudiyyətlərini və təhlükəsizlik parametrlərini bilmirsə, bu mexanizmlər praktikada effektiv işləməyəcək:
"Məktəblər burada əsas maarifləndirici mərkəz rolunu oynaya bilər. Valideyn iclaslarının bir hissəsi rəqəmsal təhlükəsizlik, valideyn nəzarəti tətbiqləri və sosial şəbəkələrdən təhlükəsiz istifadə mövzularına həsr edilə bilər. Xüsusilə nənə və babaların himayəsində böyüyən uşaqlar nəzərə alınaraq, sadə dildə, praktik nümunələr üzərində qurulan təlimlər təşkil olunmalıdır. Xarici ölkələrdə, xüsusən Skandinaviya ölkələri, Böyük Britaniya və Sinqapurda valideynlər üçün məktəb əsaslı rəqəmsal savadlılıq proqramları uğurla tətbiq olunur. Bu təcrübələr göstərir ki, uşaqların rəqəmsal təhlükəsizliyi həm də ailənin maariflənməsi ilə təmin olunur". AGMA sədri bildirir ki, regionlarda maarifləndirmə fəaliyyətləri davamlı və əlçatan formada genişləndirilməlidir:
"Rayonlarda vəziyyət müxtəlifdir. Gənc valideynlər texnologiyadan daha rahat istifadə etsələr də, xüsusən yaşlı valideynlər və nənə-babalar arasında rəqəmsal bacarıqlara ehtiyac hələ də yüksəkdir. Rayonlarda bu işi məktəblərlə yanaşı, regional təhsil idarələri, ictimai birliklər, gənclər təşkilatları, kitabxanalar və icma mərkəzləri həyata keçirə bilər".
P.Qədimova bildirir ki, rəhbərlik etdiyi təşkilat bu istiqamətdə bir sıra işlər görür:
"Hazırda AGMA-nın həm Bakıda, həm də regionlarda fəaliyyət göstərən koordinatorları tərəfindən "Valideyn məktəbi" layihəsi həyata keçirilir. Sentyabr ayından etibarən proqrama "Rəqəmsal öyrənmə mühiti" mövzusu da əlavə olunacaq".

Yeni rəqəmsal idarəetmə mexanizminin qurulması zərurəti
"Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyinin sədri Elvin Abbasov hesab edir ki, yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair yeni qaydalar ailə daxilində tamamilə yeni rəqəmsal idarəetmə mexanizminin qurulmasını zəruri edir. Belə ki, bu hüquqi tənzimləmə kontekstində valideynlərin və himayədarların bilməli olduğu minimum rəqəmsal bacarıqlar artıq sadəcə internetdə gəzinmək və ya video izləməklə məhdudlaşmır, kiber-gigiyena minimumunu əhatə edir:
"Böyüklər ilk növbədə fərdi identifikasiya və rəqəmsal imza (məsələn, SİMA) vasitəsilə dövlət platformalarında qeydiyyatdan keçməyi və uşağın profillərinə rəsmi əlçatanlıq (dostup) icazəsi verməyi bacarmalıdırlar. Bununla yanaşı, ikiaddımlı doğrulamadan (2FA) istifadə, hesabı mürəkkəb şifrələrlə qorumaq və kiberməkanda uşaqları təhdid edən fişinq (fırıldaqçılıq) linklərini ayırd edə bilmək kimi funksional rəqəmsal savadlılıq vərdişlərinə yiyələnmək mühüm şərtdir".

Nənə və babaların rəqəmsal platformalara inteqrasiyası
Ekspertin sözlərinə görə, hazırda ölkəmizdə, xüsusilə paytaxt və böyük şəhərlərdə gənc valideynlər arasında "Google Family Link" və ya "Apple Screen Time" kimi valideyn nəzarəti proqramlarından istifadə səviyyəsi son illərdə proqram təminatı imkanlarının artması ilə paralel olaraq yüksəlir:
"Lakin ümumi ölkə miqyasında, əsasən də regionlarda bu cür proqramların idarə edilməsi göstəricisi hələ də olduqca aşağı səviyyədədir. Bu mənzərənin yaranmasının əsas səbəbləri əksər nəzarət tətbiqlərində Azərbaycan dili dəstəyinin məhdud olmasıdır. Əhalinin bu növ texnoloji alətlərin mövcudluğu barədə məlumatsızlığı və ailələrdə nəzarəti rəqəmsal filtrlərlə deyil, ənənəvi olaraq "cihazı qadağan etmək" və ya "telefonu əlindən almaq" kimi mexaniki üsullarla həyata keçirmək vərdişidir".
Mütəxəssis hesab edir ki, uşaqları himayə edən yaşlı nəslin, xüsusən nənə və babaların rəqəmsal platformalara inteqrasiyası üçün mürəkkəb texnoloji terminlərdən uzaq, tamamilə sadələşdirilmiş və vizual addımlardan ibarət metodologiya seçilməlidir:
"Yaşlı himayədarlar üçün yalnız rəngli şəkillərdən və bəsit oxlardan ibarət olan kağız formatlı rəsmi təlimat kitabçalarının (məsələn, "Nəvənizə icazə vermək üçün 3 addım") hazırlanması və onlara birbaşa paylanması çox effektiv praktik addımdır. Bundan əlavə, gənclər təşkilatlarının nümayəndələri "Nəsillərarası rəqəmsal körpü" layihələri çərçivəsində kəndlərdə yaşlı sakinlərin smartfonlarında lazımi proqram təminatını quraşdırıb istifadəsini öyrətməli, eyni zamanda yaşlı təbəqənin ən oyuncaq və sevimli teleradio məkanlarında, xüsusən televiziyada bəsit, animasiyalı maarifləndirici çarxlara geniş yer verilməlidir".

"Valideynlər uşaqların inkişaf sürətinə çata bilmirlər"
Astara şəhər 1 saylı tam orta məktəbin ingilis dili müəllimi Babək Rzayevin sözlərinə görə, şagirdlərin əksəriyyətinin sosial şəbəkələrdən çox istifadə ilə bağlı problemləri var: "Bu problemi təkcə qanun qəbul etməklə, məktəbdə telefonlara qadağa qoymaqla həll etmək olmaz. Valideynlər də maariflənməlidirlər. Təəssüf ki, onların rəqəmsal bilikləri aşağı və bəzən yox səviyyəsindədir. Valideynlər uşaqların bu sahədəki inkişaf sürətinə çata bilmirlər". B.Rzayev də hesab edir ki, valideynlərin maariflənməsi istiqamətində işlər görülməlidir:
"Valideynlərə rəqəmsal savadlılığı aşılayan müəyyən sosial çarxlar hazırlana, təhsil müəssisələrində valideynlərlə görüşlər təşkil edilə bilər".