"Qubada Azərbaycan Dövlət Aqrar Universitetinin filialının açılması üçün bütün imkanlar var və bu addım yaxın dövrdə fundamental dəyişikliklərlə yadda qala bilər".
Oxu.Az xəbər verir ki, bu təkliflə deputat Əlibala Məhərrəmzadə Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn vəzifələr barədə dinləmədə deyib.
O əlavə edib ki, universitetin açılması üçün bir neçə təkliflər də var:
"Xəzər Universitetinin öz filialını açması, yaxud Pedaqoji Universitetin nəzdində Aqrar fakültə təkliflər sırasındadır. Lakin əslində yaxşı olardı ki, ayrıca olaraq Aqrar Universitetin filialı olsun. Bu təkliflər həyata keçirilsə, yaxın müddətdə kifayət qədər böyük nəticələr əldə etmək mümkündür."
Deputat Vüqar İskəndərov da eyni təkliflə çıxış edib və Şəkini nümunə göstərib:
"Hazırda ərazisinə görə Qubadan sonra ən böyük regionumuz Şəkidir. Sovet dövründə Şəkidə kənd təsərrüfatı kolleci fəaliyyət göstərirdi.
Yəni baza və mütəxəssislər olduğu üçün Azərbaycan Dövlət Aqrar Universitetinin Şəkidə filialının yaradılmasını təklif edirəm".
O əlavə edib ki, aqrar təhlükəsizlik həmişə prioritetdir:
"Bu baxımdan, Qafqazın ən böyük taxılçılıq ərazisi olan Şəkidə sözügedən ali təhsil müəssisəsinin filialının açılması yaxşı olardı".