"Dini mövzuların işıqlandırılmasında balans və məsuliyyət media siyasətinin əsas prinsiplərindən olmalıdır".
Oxu.Az-ın məlumatına görə, bunu Baku TV-nin direktoru Ramin Cəfərov Qusarda keçirilən "Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət" mövzusunda konfransda deyib.
O bildirib ki, dini mövzuların mediada işıqlandırılması zamanı balansın, obyektivliyin və məsuliyyətin qorunması redaksiya siyasətinin əsas prinsiplərindən biri olmalıdır.
R.Cəfərov qeyd edib ki, media sahəsində çalışan hər bir şəxs cəmiyyət qarşısında böyük məsuliyyət daşıyır və dini mövzuların işıqlandırılması zamanı balansın qorunması xüsusi əhəmiyyət kəsb edir:
"Baku TV adından media sahəsində fəaliyyət göstərən bütün həmkarlarımıza təşəkkür edirəm. Əminəm ki, balansın qorunması prinsipi bundan sonra da fəaliyyətimizin əsas istiqamətlərindən biri olacaq. Medianın düzgün, sağlam və ədalətli fəaliyyətini təmin etməyə yönələn yanaşmalar redaksiya siyasətimizdə öz əksini tapmalıdır".
Baku TV-nin direktoru vurğulayıb ki, "Global Media Group" tərkibində fəaliyyət göstərən kanal son üç ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi tədbirlərdə fəal iştirak edir və media tərəfdaşı kimi bu prosesə öz töhfəsini verir.
Onun sözlərinə görə, konfransda müzakirə olunan mövzular dini diskursun mediada təqdimatı, informasiya manipulyasiyaları və dini çağırışların düzgün işıqlandırılması baxımından xüsusi aktuallıq daşıyır.
Sonda R.Cəfərov bir daha Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.