Sosial şəbəkədə dərman reklamları günü-gündən artır. Xüsusilə əczaçıların müxtəlif preparatları tövsiyə etməsi bəzi vətəndaşları həkim müayinəsi olmadan dərman qəbul etməyə təşviq edir.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, həkim məsləhəti olmadan qəbul edilən dərmanlar ciddi fəsadlara səbəb ola bilər. Bunlara mədə qanaxmaları, kəskin böyrək çatışmazlığı, yüksək təzyiq və ürək-damar xəstəlikləri riski daxildir.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, qanunvericiliyə əsasən, Azərbaycanda yalnız reseptsiz satılan dərmanların reklamına icazə verilir. Reseptlə satılan dərmanların reklamı isə qadağandır.
Qeyd olunub ki, sosial şəbəkədə dövlət qeydiyyatından keçməyən dərmanların sifarişlə ölkəyə gətirilməsi ilə bağlı elanlar da yayılır. Bu isə qanunsuz hesab olunur və həmin məhsulların saxlanma, daşınma şəraitinə nəzarət etmək mümkün olmur.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən isə vurğulanıb ki, satış məqsədi daşıyan və yanlış məlumat verən dərman reklamları istehlakçının aldadılması kimi qiymətləndirilə bilər.
İnzibati Xətalar Məcəlləsinə əsasən, dərman reklamlarında həkimlə məsləhətləşmənin vacibliyi qeyd olunmazsa, vəzifəli şəxslər 300 manatdan 500 manatadək, hüquqi şəxslər isə 1 000 manatdan 2 000 manatadək cərimələnə bilərlər.