Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Röyanın “Tez gəl” mahnısının bəstəkarı olan gənc həkimlə MÜSAHİBƏ + FOTO
Onun üçün həkimlik peşə, musiqi həyat tərzidir. Deyir ki, xəstəxanada iş otağına daxil olduğu halda həkim, işi bitəndən sonra bəstəkardır. Həm insanlara şəfa verir, həm də ruha toxunmağı bacarır.
“Kaspi” qəzetinin Röyanın ifa etdiyi, trendlərdə ilklərdə olan məşhur “Tez gəl” mahnısının söz yazarı və bəstəkarı, Almaniyada yaşayan azərbaycanlı həkim Etibar Rzalı ilə müsahibəsini təqdim edirik:
9 ildir ki, Almaniyada həkimlik fəaliyyəti ilə məşğuldur. Amma biz onu Röyanın ifasında sevilən, qısa müddət ərzində məşhurlaşan “Tez gəl” mahnısı ilə tanıdıq. Gənc bəstəkarla həm həkimlik, həm də yaradıcılıq fəaliyyəti ilə bağlı söhbətləşdik. Tovuzda həkim ailəsində dünyaya gəlib. Anası pediatr, atası kardioloqdur. Elə orta məktəbi də Tovuzda bitirib və Azərbaycan Tibb Universitetində “Müalicə işi” ixtisası üzrə təhsilini davam etdirib. 6 illik həkimlik təhsilindən sonra rezidentura üçün Almaniyaya yollanıb. Hazırda Almaniyada xəstəxanaların birində radioloqdur.
- Etibar bəy, həkimlik ailədən gəlir, bəs bəstəkarlıq?
- Atamın babası məşhur aşıq olub. Tovuzdakı musiqi məktəbi də onun adını daşıyır. Mən də 7 il həmin musiqi məktəbinə getdim və oranı piano aləti üzrə bitirdim. Hətta 1-ci sinifdə müəlliməm müğənni Tünzalə Ağayeva idi. Həkim ailəsində böyüsəm də, şeirli, musiqili, sözlü məclislərdə olmuşam. Atam elektrik gitarada ifa edə bilir, qardaşım şeir yazırdı. Ailə məclislərində saz, söz bizim üçün standart idi. Mən də ilk şerimi 13 yaşımda yazdım. Bəstəkar, şair olmaq kimi planım yox idi, hazırda da elədir. Sanki həyat özü məni o istiqamətə aparır. 15-20 ildir mahnı yazır, öz dostlarım arasında bəstələdiyim mahnıları ifa edirəm. Amma bu yolda peşəkar addım atmağa son illərdə qərar vermişəm. Həkimlik isə, həqiqətən, ailədən gəlir. Yadımdadır, evimizdə “xəstə otağı” var idi. Gecə, gündüz, fərq etmədən hər saat bizə xəstə gələ bilərdi. Gözümü açandan həkimlər və xəstələrlə böyümüşəm. Təsəvvürümdə həkimlikdən başqa peşə olmayıb. Mənə elə gəlirdi ki, ancaq həkim ola bilərdim, oldum.
- Həkimlik fəaliyyətinizdə də yaradıcılıq qabiliyyətinizin sizə kömək etdiyini deyirsiniz. Radiologiya ilə incəsənət arasında hansı əlaqə var?
- Tibdə digər ixtisaslarla müqayisə etdikdə, radiologiya həqiqətən, mənim xüsusiyyətlərimə uyğundur. Məsələn, özümü cərrah kimi təsəvvür edə bilmərəm. Hətta həyatda qarşıma seçim qoysalar ki, ya cərrah olmalısan, ya da bu sahədən getməlisən, gedərdim. Mənim sahəmdə ağ xalatı soyunduqdan sonra işin bitir. İşdən sonra rahatlıqla hobbilərinlə məşğul ola bilirsən. Yaradıcılıqla əlaqəsinə gəldikdə isə, düşünürəm ki, radiologiyanı daha yaxşı qavramaq üçün incə və geniş baxış əhəmiyyətlidir. İncəsənət duyumu baxdığın yüzlərlə şəkillərin arasında patologiyanı görə bilməkdə çox kömək olur.
- Xəstəxanada ağ xalatda piano arxasında “Alagözlüm”ü ifa etdiyiniz videonuzla rastlaşdım. Maraqlıdır, almanların musiqiçi həkimə münasibətləri necədir?
- Bəli. İş zamanı, yemək fasiləsində ifa edirdim. Həm həkimlik, həm incəsənətlə məşğul olmaq biz azərbaycanlılara daha çox məxsusdur. Çünki uşaqlıqdan musiqi ilə böyüyürdük. Bizim dövrdə əksər evlərdə piano olurdu. Hər evdə mütləq musiqi məktəbinə gedən uşaqlar var idi. Almaniyada belə deyil. Bir insanın həm bəstəkar, həm də həkim olmasını almanlar anlamırlar. Deyirlər ki, bəstəkarlıq qabiliyyətin varsa, niyə illərlə əziyyət çəkib, həkim olmaq üçün saç ağardırsan? Hətta mahnı işıq üzü görəndən sonra məndən soruşurdular ki, həkim kimi davam etmək fikrin varmı? Onlar bu sahədən gedəcəyimi düşünürdülər.
- Həqiqətən, bir çox müğənni və bəstəkarlar var ki, həkimliyi atıb, musiqiyə yönəliblər. Siz necə düşünürsünüz?
- Düzünü desəm, bilmirəm. O barədə düşünmürəm. Məndən 15 il öncə soruşsaydılar ki, “Almaniyaya gedəcəksiniz?”, deyərdim ki, yox, alman dilini öyrənmək fikrim yoxdur. Amma indi Almaniyada yaşayıram. Hazırda elə fikrim yoxdur. Bəstəkarlıq səhnə arxası, yaradıcılıq işidir. Mən işimi bitirdikdən sonra bununla məşğul oluram. İş vaxtı heç kim musiqiçi olduğumu hiss etmir. İşdən sonra da əksinə, həkim olmuram. İncəsənət vaxtımı deyil, boş vaxtımı alır. Bu gün əynimdəki ağ xalatımla xoşbəxtəm. Həkimliyi bacarıram və zövq alıram. Amma musiqisiz də dünyanın rəngsiz olduğunu düşünürəm.
- “Tez gəl”i Röyanın oxuyacağını xəyal edərək bəstələdiyinizi bildirmisiniz. Maraqlıdır, bu mahnı necə ərsəyə gəldi?
- O mahnını necə yazdığımın hər anı yadımdadır. 2009-cu il idi. Dərs üçün bir xəstəxanadan digərinə gedəndə, yolda yazmağa başladım. Yarısını avtobusda, yarısını da xəstəxanada yazmışam. Bu mahnıda böyük sevgi, əmək var . O vaxt „Tez gəl“i Röyanın oxuması mənim üçün əlçatmaz idi. Musiqiçi ətrafım o qədər də geniş deyildi deyə, sadəcə bir xəyal idi. Bu müddət ərzində bir çox müğənnidən gələn təklifi də rədd edib, bu günü gözləyirdim. Nəhayət, 14 il sonra mahnı ünvanına çatdı. Mənim üçün məşhurluq önəmli deyildi, həmişə ortaya keyfiyyətli iş qoymaq üçün çalışıram. İstədiyim kimi də oldu.
- Bəs ailənizin reaksiyası necə oldu?
- Ailəm, dostlarım, məni tanıyan, tanımayan insanlardan müsbət reaksiyalar aldım. Təsəvvür edin, işdə gecə növbəsində olarkən, mahnını dinləyib mənə yazırdılar. Hamısı mənimlə eyni zövqü, həyəcanı yaşadılar. Bu məni çox sevindirirdi.
- Etibar bəy, maraqlıdır, işlərindən ilhamlandığınız kumiriniz varmı?
- Aygün Səmədzadə, Sezen Aksunun əsərlərini çox bəyənirəm. Çiğdem Talu kimi söz yazarı olmaq istəyərdim. Həyatımı isə bəlkə də Ələkbər Tağıyevin həyatına bənzətmək olar. O da musiqiçi olmayıb, amma “Sən gəlməz oldun” kimi şedevr yaradıb. Xəyal qursam, ona bənzəmək istəyərəm. Məni bəstəkar adlandırmaq üçün hələ tezdir. Onu zaman göstərəcək. Yazdığım sözlərdə, musiqilərdə bənzətməyə deyil, orijinallığa üstünlük verirəm. Bəzi mahnılarım mütləqdir ki, müəyyən zövqləri oxşamayacaq. Amma mənim üçün əsas olan öz baxış bucağımı layiqincə sərgiləyə bilməkdir.
Rəylər