"Yolu azdım, səhərə qədər meşədə qaldım".
Oxu.Az "Unikal"a istinadən xəbər verir ki, bu sözləri Daşkəsəndə meşədə itkin düşən, Kəlbəcər rayon sakini, şəhid atası Kamil Abdullayev bildirib.
O qeyd edib ki, meşədə yolu azaraq itkin düşüb:
"Hava dumanlı idi, yolu azdım, evə gedə bilmədim. Dünən səhər saat 8-də Bayan kəndinin yaxınlığındakı meşəyə çaşır yığmağa getmişdim. Birdən duman çökdü. Saat 5-də qızımla danışdım, dedim ki, gəlirəm. Qarşıma 5-6 dənə çaşır çıxdı. Dedim, bunları da yığım, sonra gedim evə. Anidən duman gəldi, güclü yağış başladı. Mən də bilmədim hara gedim. Telefonumun enerjisi az idi deyə söndürdüm. Həm də telefonda şəbəkə yox idi ki, kiməsə zəng edə bilim. Səhərə qədər meşədə qaldım. O qədər aşağı-yuxarı gəzdim ki, çox yoruldum. Heç cür yol tapa bilmirdim. Bu gün səhər saat 5-in yarısında duman çəkildi, mən də yola davam etdim. Meşə ilə bir qədər irəlilədikdən sonra Göygöl rayonunun Danayeri kəndinə çıxdım. Orada Daşkəsən və Göygöl Rayon Polis Şöbələrinin əməkdaşları məni tapdılar və sağ-salamat ailəmə təhvil verdilər".
Kamil Abdullayev qeyd edib ki, hazırda səhhətində hər hansı bir problem yoxdur.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Daşkəsən rayonunun Bayan kəndində itkin düşən 1952-ci il təvəllüdlü Kamil Mahmud oğlu Abdullayevin yeri müəyyən olunub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, o sağ tapılıb. Onun Göygöl rayonu ərazisində tapıldığı bildirilir.
Qeyd edək ki, K.Abdullayev 44 günlük Vətən müharibəsində şəhid olan Şəhriyar Abdullayevin atasıdır.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Daşkəsən rayonunun Bayan kəndində bir nəfərin meşəlik ərazidə itkin düşməsi barədə ilkin məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, məlumatla əlaqədar nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Hazırda vətəndaş - 1952-ci il təvəllüdlü Kamil Mahmud oğlu Abdullayevin itkin düşdüyü ehtimal olunan istiqamətlər üzrə mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.
Daşkəsən rayonunda 73 yaşlı kişi itkin düşüb.
Oxu.Az-ın məlumatına görə, Kəlbəcər rayonundan olan məcburi köçkün, 1952-ci il təvəllüdlü Kamil Mahmud oğlu Abdullayev bitki yığmaq üçün Daşkəsənin Bayan kəndi yaxınlığındakı meşəyə gedib.
Saat 17 radələrində qızı ilə əlaqə saxlayan K.Abdullayev meşədə olduğunu bildirib. Daha sonra ondan xəbər almaq mümkün olmayıb.
Qeyd edək ki, K.Abdullayev 44 günlük Vətən müharibəsində şəhid olan Şəhriyar Abdullayevin atasıdır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a bildirilib ki, hazırda Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları şəxsin yerinin müəyyən olunması istiqamətində zəruri axtarış tədbirləri həyata keçirilir. Axtarışların nəticəsi barədə əlavə məlumat veriləcək.
Aqil Vəlili