Bakı Ağır Cinayətlər Məhkəməsində şirkət əməkdaşını öldürməyə cəhddə təqsirləndirilən Turan Kubuşovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, T.Kubuşov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il aprelin 25-də Yasamal rayonunda “ZD Travel” şirkətinin qarşısında baş verib. Şirkətin xəzinədarı, 1989-cu il təvəllüdlü Tərxan Namazov 20 min manat pulla ofisdən çıxaraq avtomobilə tərəf gedərkən maskalı şəxs hücum edib, çantanı alıb qaçmaq istəyib. Lakin Tərxan müqavimət göstərdiyi üçün cinayətkar ona 14 bıçaq zərbəsi vurub.
Ətrafdakı taksi sürücülərinin hadisə yerinə yaxınlaşdığını görən maskalı şəxs oradan qaçaraq uzaqlaşıb. T.Namazov xəstəxanaya yerləşdirilib.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Kubuşov saxlanılıb. Onun bir müddət “ZD Travel” şirkətinin rəhbəri Vəli Dünyamalıyevin sürücüsü olduğu məlum olub.
1983-cü il təvəllüdlü T.Kubuşov Cinayət Məcəlləsinin 29,120.2-ci (qəsdən adam öldürməyə cəhd), 181-ci (quldurluq) maddələri ilə ittiham edilir.