Müdafiə Sənayesi Nazirliyinin Telemexanika zavodunda baş verən qəza ilə bağlı cinayət işi açılıb.
Oxu.Az xəbər verir ki, Şirvan şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, bu gün Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən Telemexanika zavodunda baş verən hadisə ilə bağlı Cinayət Məcəlləsinin 223.2 (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, bu gün saat 11:30 radələrində zavodun sexlərinin birində yaranmış qısaqapanma nəticəsində sıçrayış olub və nəticədə 20 kvadratmetr sahədə yanğın baş verib.
Baş verən hadisə zamanı 1 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb.
15:05
Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən Telemexanika zavodunda baş vermiş güclü partlayış nəticəsində 19 nəfər yaralanıb.
Bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib.
Onun sözlərinə görə, yaralı şəxslər zəhərlənmə və yüngül yanıq diaqonozu ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, partlayış nəticəsində bir nəfərin öldüyü bildirilir.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, ölən şəxs Şirvan şəhər sakini, 1967-ci il təvəllüdlü Süleymanova Raziyə Cəfərxan qızıdır.
İlkin məlumata görə, qadın ağır yanıq xəsarətləri nəticəsində dünyasını dəyişib.
13:24
Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən Telemexanika zavodunda güclü partlayış olub.
Oxu.Az xəbər verir ki, bu barədə Musavat.com-a Şirvan sakinləri bildiriblər.
Mənbənin sözlərinə görə, hadisə nəticəsində ölənlər var.
Hazırda hadisə yerinə çoxsaylı ambulanslar cəlb olunub.
Ölənlərdən birinin qadın olduğu bildirilir.
Əlavə məlumat veriləcək.