Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Bazardüzü küçəsində yağış sularının axıdılması ilə bağlı yaşanan problem sakinlərin narazılığına səbəb olub.
Oxu.Az-ın qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, yağış yağan kimi küçə tamamilə su altında qalır.
Onlar qeyd ediblər ki, yaranan gölməçələrin dərin olması səbəbindən nəinki piyadalar, hətta nəqliyyat vasitələri də küçədən keçməkdə çətinlik çəkirlər:
"Xüsusilə elektriklə çalışan avtomobillərin alt hissəsi suya batdığı üçün sürücülər bu yoldan istifadə edə bilmirlər.
Küçədəki acınacaqlı vəziyyət ərazidə yaşayan məktəblilərin və xəstələrin gediş-gəlişini də çətinləşdirib. Valideynlər uşaqlarını məktəbə, eləcə də müalicələrə, məşğələlərə aparmaq üçün onları qucaqlarında və ya çiyinlərində daşımalı olurlar".
Məsələ ilə bağlı İri Şəhərlərin Su Təchizatından (İŞST) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazidə İŞST-nin mərkəzləşmiş tullantı su şəbəkəsi mövcud deyil:
"Mövcud olan xətlər əhali tərəfindən primitiv üsulla çəkilib.
2026-2035-ci illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq Bakı şəhəri və Abşeron yarımadasında tullantı suların idarə olunması, kanalizasiya və yağış infrastrukturunun təkmilləşdirilməsi istiqamətində bir sıra mühüm layihələr nəzərdə tutulub. Bu layihələrin mərhələli şəkildə icrası mövcud infrastrukturun əhatə dairəsinin genişləndirilməsi, yeni kanalizasiya xətlərinin və kollektorların inşası, yağış sularının daha səmərəli idarə olunması və şəhərin müxtəlif ərazilərində suların toplanması risklərinin azaldılması istiqamətində əhəmiyyətli nəticələrin əldə edilməsinə hesablanıb. Hazırda bir sıra ərazilər üzrə tikinti-quruculuq işlərinə başlanılıb. Sözügedən ərazidə də infrastrukturun qurulması gələcək vaxtlarda həyata keçiriləcək".