Ukraynaya bitum nəql edilməsinə başlanılıb.
Bu barədə Oxu.Az-a “ADY Express” MMC-nin İctimayyətlə əlaqələr şöbəsinin rəisi İlham Abdulov məlumat verib.
Onun sözlərinə görə, ölkədə ixracyönümlü yüklərin nəql edilməsi artırılır:
“Belə ki, “ADY Express” MMC yeni növ ixrac yüklərinin daşıma prosesini davam etdirir. Bu dəfə Dövlət Neft Şirkətinin Heydər Əliyev adına Neft Emalı Zavodunun istehsalı olan bitumun Ukraynaya nəql edilməsinə başlanılıb.
Layihə “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC və SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən birgə həyata keçirilir.
“ADY Express” tərəfindən təqdim olunan vaqonlar, Heydər Əliyev adına Neft Emalı Zavodunda bitumla yükləndikdən sonra yola salınıb. İlkin olaraq, ümumilikdə 8500 ton bitum 130 çən vaqona yüklənərək, Ukraynaya göndərilib.
Çən vaqonlar Azərbaycandan Gürcüstana, oradan Qara dənizdən bərə vasitəsi keçərək, Ukraynanın Orlovşina və Vasilkov stansiyasına çatdırılır.
Daşıma prosesi iki mərhələdən ibarət olur. Birinci mərhələdə 4500 ton bitum 70 çən vaqona yüklənərək, yola salınıb, ikinci mərhələdə isə 4000 ton yük 60 vaqona yükləndikdən sonra daşımaya start verilib”.
İ.Abdulov onu da əlavə edib ki, Azərbaycandan Ukraynaya bu növ yüklərin davamlı nəql edilməsi nəzərdə tutulub.