Sentyabrın 15-də Azərbaycanda və dünyada koronavirus pandemiyasının yaratdığı yeni format çərçivəsində, növbəti tədris ili başlayır.
Məlumdur ki, həftədə cəmi iki-üç dəfə olmaq şərti ilə ibtidai sinif şagirdləri birbaşa məktəblərdə tədris alacaqlar. Eyni zamanda, valideynlər övladlarının hansı günlərdə təhsil müəssisəsinə gedəcəkləri barədə məlumatı məktəblərdən öyrənəcəklər. Bundan əlavə, valideynlər övladlarını məktəbə göndərməmək barədə qərar da verə bilərlər.
Media.Az-ın xəbərinə görə, Azərbaycanın Təhsil naziri Emin Əmrullayev qeyd edib ki, ikinci sinifdə oxuyan şagirdlərin hamısının eyni gündə məktəbə getməyinə ehtiyac yoxdur:
“Hər şey siniflərin və şagirdlərin sayından asılı olacaq”.
Yuxarı sinif şagirdlərinə gəldikdə isə, onlar üçün minimum oktyabr ayına qədər distant təhsil nəzərdə tutulub, gələcəkdə isə təhsilin əyani formasına keçid haqqında qərar qəbul ediləcək, yaxud da onlayn formatın lehinə seçim ediləcək. Məktəblərdən birində kütləvi yoluxma halı qeydə alınacağı təqdirdə, digər təhsil müəssisələrinin bağlanması baş verməyəcək.
Uşaqların sağlamlığı ilə bağlı kitabların müəllifi, tanınmış həkim, sovet və Ukrayna həkim-pediatrı, “Doktor Komarovskinin məktəbi” televiziya şousunun aparıcısı Yevgeni Komarovski Media.Az-a verdiyi müsahibədə Azərbaycan məktəblərində tətbiq olunan qaydaları şərh edib:
- Mən düşünürəm ki, siyasi nöqteyi-nəzərdən belə tədbirlərə bəraət qazandırılıb. Lakin tibbi baxımdan, mənə elə gəlir ki, suallar var.
- Fikrinizi izah edə bilərsiniz?
- Baxın, bütün uşaqların məktəbə getməsinə icazə verildi, amma sonra Allah eləməsin, uşaq xəstələndi və öldü. Bu, artıq dövlətin məsuliyyətidir. Bu baxımdan təhsil müəssisələrinə gedilməyin qadağan olunması daha məntiqlidir. Bununla belə, qeyd etmək lazımdır ki, uşaqlar evdə qaldıqca, onların sağlamlıqlarına dəyən təhlükə daha ciddidir. Bu təhlükə bəlkə də koronavirusdan daha yüksəkdir. Onlar sosial baxımdan geri qalırlar, hərəkət fəallıqları məhdudlaşır, məişət zorakılığı ilə üzləşirlər. Məişət zəminində aldığı psixoloji travmalar kəskin şəkildə artır, uşaqların pəncərələrdən yıxılmasına səbəb olan hallara qədər bədbəxt hadisələrin sayı çoxalır. Uşaqlar müxtəlif oyunlar oynayır ki, bu da yanğına və başqa təhlükələrə səbəb olur. Nəticədə “ev rejimindən” zərər çəkmiş çox saylı uşaqlar olacaq.
Ancaq burada vacib bir məqamı nəzərə almaq lazımdır. Əgər uşaqlar evdə zərər görərsə, bu, məktəbin deyil, valideynlərin günahı olacaq. Dövlət valideynlərə deyir: Özünüz qərar verin. Əgər məktəbə getmək istəyirsinizsə, gedin. Qorxursunuzsa - evdə qalın, biz sizə onlayn təhsil almaq şəraiti yaradacağıq. Bu, bir tərəfdən doğrudur.
Ancaq mənə elə gəlir ki, burada başqa bir məqama aydınlıq gətirmək düzgün olardı.
Uşaqların təhsil müəssisələrinə bir gündən bir gedəcəkləri və ya daha az oxuyacaqları əsas deyil. Əsas məsələ başqadır: siniflərdə temperatur və rütubət necə olacaq, otaqlar necə havalandırılacaq, havanın dəyişdirilməsinə kim nəzarət edəcək? Uşaqlar, məsələn, təbiətşünaslıq dərsində təmiz havaya çıxacaqlar? Bədən tərbiyəsi dərsinin məktəbin idman zalında keçirilməsini qadağan edərək bunun əvəzinə dərsi xüsusi açıq yerlərdə keçirəcəklərmi? Maraqlı və vacib olan budur, aidiyyəti qurumlara verilməli olan prioritet suallar bunlardır. Məktəblilərin davamiyyət məsələsi isə ikinci dərəcəli suallardır.
- Yuxarı sinif şagirdləri üçün qərar oktyabr ayında veriləcək, o vaxta qədər təhsil distant keçiriləcək. Daha sonra isə epidemioloji vəziyyətlə əlaqədar olaraq məsələyə yenidən baxıla bilər. Ya yenidən distant təhsil olacaq, ya da məktəblərə qayıdacaqlar. Yeri gəlmişkən Moskva Dövlət Universitetinin İmmunologiya və Molekulyar Biotibb Mərkəzinin direktoru, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Mixail Paltsev hesab edir ki, yeni növ koronavirus infeksiyasının payız dalğası çox risklidir. Doğurdanmı oktyabr-noyabr aylarında yeni bir epidemiya dalğası gözlənilir?
- İnsanlar pəncərələri bağladıqda, istilik mövsümü başlayacaq, sakinlər qapalı məkanlarda daha çox vaxt keçirəcəklər, təbii olaraq virusa yoluxma çoxalacaq və xəstələnmənin səviyyəsi qalxacaq. Təkcə koronavirusa yox, başqa respirator infeksiyalara da yoluxma çoxalacaq. Virusların necə yayıldığını anlamaq üçün akademik olmağa gərək yoxdur. Bəli, oktyabr ayında xəstələnmə sayında artım olacaq və buna şübhə yoxdur.
- Azərbaycanda istilik sistemi noyabr ayında işə salınır.
- Sizdə çoxalma o zaman olacaq.
- Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Qebreyesus, bu yaxınlarda etdiyi açıqlamada bildirdi ki, bəşəriyyət hələ iki il müddətində COVID-19 problemi ilə qarşılaşacaq. Bu qiymətləndirmə ilə razısınız?
- Mən onunla razıyam. Lazımi miqdarda vaksin istehsal etmək üçün, görünür, tam iki il gərəkdir. Virusun təbii olaraq zəifləməsi üçün də təxminən iki ilə yaxın vaxt lazımdır. Beləliklə, bu çox real müddətdir. Həmin müddətdən sonra insanlar sakitləşə bilər, əlbəttə ki, əgər yeni viruslar yaranmayacaqsa.