Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi və Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə keçirilən “Nə? Harada? Nə zaman?” oyunu üzrə “V Ağıl Oyunları Festivalı”nın seçim turları yekunlaşıb.
“Nə? Harada? Nə zaman?” oyunu üzrə “V Ağıl Oyunları Festivalı” layihəsinin keçirilməsində məqsəd gənclərin asudə vaxtının səmərəli təşkili, onların intellektual inkişafının təmin olunması, eləcə də, intellektual oyunlar hərəkatının bütün ölkəni əhatə etməsinin reallaşdırılmasıdır.
Bakıda keçirilən yekun seçim turu Azərbaycan Dillər Universitetində, Bakı Mühəndislik Universitetində və “Odlar Yurdu” Universitetində baş tutub. Bakıdakı seçim turunda 50 komanda mübarizə aparıb. Ən yüksək nəticə göstərən 26 komanda finala vəsiqə qazanıb.
Paytaxtda təşkil olunan seçim turuna qədər isə Tərtər, Mingəçevir, İsmayıllı, Quba, Ağdaş, Gəncə, Zərdab, Sumqayıt şəhərlərində seçimlər təşkil edilib. Regionlarda keçirilən seçim turlarında 600-dən çox gəncin təmsil olunduğu 80-ə yaxın yeniyetmə və gənclərdən ibarət komanda iştirak edib.
Seçim turlarında ən yaxşı nəticə göstərən komandalar 3 dekabrda Bakıda keçiriləcək final oyununa vəsiqə qazanıblar.
“Nə? Harada? Nə zaman?” oyunu üzrə “V Ağıl Oyunları Festivalı”nın finalında kubokun ənənəvi təsnifatı ilə yanaşı, regionlardan olan çoxsaylı komandalar üçün ayrıca təşkil olunacaq Regionlar Kuboku da baş tutacaq. Bununla yanaşı, Xəzər İntellektul Gənclər Klubunun regionlarda və universitetlərdə fəaliyyət göstərən klublarının rəhbərləri və fəal üzvləri mükafatlandırılacaq.
A.M.