Artıq kredit riskləri sığortalanacaq, bu isə faizlərin azalmasına şərait yarada bilər. İstehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanması nəzərdə tutulur. Bununla bağlı Mərkəzi Bank yeni qaydalar hazırlayıb və onların yaxın vaxtlarda təsdiqlənməsi gözlənilir.
Oxu.Az "Xəzər" TV-yə istinadla xəbər verir ki, məsələ ilə bağlı millət vəkili Vüqar Bayramov fikirlərini bölüşüb:
"Yeni qaydalar kredit riskinin sığortalanmasına imkan verəcək. Nəzərə alsaq ki, söhbət istehlak, o cümlədən ipoteka kreditləri üzrə risklərin sığortalanmasından gedir, bəzi hallarda vətəndaşlarımız kredit götürürlər, amma onlardan asılı olmayan səbəbdən həmin kreditin ödənilməsində çətinlik yaranır. Vətəndaşımızın iş yeri bağlanır və ya işdən azad olunur, və yaxud bir sıra digər birbaşa onun özündən asılı olmayan hallar baş verir və nəticədə həmin kreditin geri qaytarılmasında çətinlik yaranır. Kreditin və ya kredit riskinin sığortalanması belə hallar baş verən zaman öhdəliyin sığorta şirkəti tərəfindən ödənilməsinə imkan verəcək".
Vüqar Bayramovun sözlərinə görə, kredit risklərinin sığortalanması həm vətəndaşları maliyyə baxımından qoruyacaq, həm də bankların risklərini azaldacaq. Bu isə kommersiya banklarının daha aşağı faizlə, xüsusilə də ipoteka kreditləri təqdim etməsini stimullaşdıra bilər.