"Xırdalan şəhərindəki park və xiyabanlar daxil olmaqla, Xırdalan şəhəri ərazisində mövcud olan şam ağaclarının, o cümlədən digər həmişəyaşıl ağac və kol bitkilərinin bütün aqrotexniki qulluq olunmasına baxmayaraq bir neçə ünvanda kütləvi şəkildə quruması müşahidə olunub".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Abşeron Rayon İcra Hakimiyyətindən (RİH) bildirilib
Məsələ ilə bağlı Abşeron RİH tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekoloji Ekspertiza Agentliyinə (DEEA), Kənd Təsərrüfatı Nazirliyinə (KTN) və digər qurumlara müraciət olunub, qurumanın səbəblərinin araşdırılması və qurumuş ağacların götürülməsi, eyni zamanda, yerində yeni tinglərin əkilməsi istiqamətində rəy verilməsi xahiş olunub.
Müvafiq qurumların əməkdaşlarının birgə iştirakı ilə əraziyə baxış keçirilmiş və araşdırılıb. DEEA tərəfindən sözügedən qurumuş ağacların götürülməsi və yeni tinglərinin əkilməsi ilə bağlı müvafiq rəy verilib:
"Xırdalan şəhərindəki Heydər Əliyev adına parkda 292 ədəd şam ağacının, ümumilikdə şəhər üzrə 980 ədəd kök üstündə qurumuş ağac və gül kolunun götürülməsi barədə məktub daxil olub. Qeyd etmək istərdik ki, bu rəyə uyğun olaraq RİH tərəfindən rayon ərazisində mövcud olan qurumuş ağacların mərhələli şəkildə götürülməsi prosesinə başlanılıb. İlkin mərhələdə yaz aylarında 200 ədəd qurumuş ağac götürülüb. Götürülmüş quru ağacların ünvanları koordinatlar və say olmaqla aidiyyəti qurumların iştirakı ilə qeydiyyata alınıb. Onların yerinə isə hündürlüyü 2-6 metr aralığında olmaqla şam ağacı, küknar, zeytun və müxtəlif ağaclar əkilib.
Hazırda yay mövsümü olduğundan yeni tinglərin əkilməsi mütəxəssislər tərəfindən məqsədəmüvafiq hesab olunmadığından mövsüm zamanı (payız ayları) yeni ağacların əkilməsi nəzərdə tutulub. Növbəti mərhələdə isə digər qurumuş ağacların ərazidən götürülməsi həyata keçiriləcək".
"Bir daha nəzərinizə çatdırmaq istərdik ki, Abşeron RİH mövcud yaşıllıqların qorunmasına həssaslıqla yanaşmaqla bərabər yaşıllıq sahələrinin artırılması istiqamətində də davamlı işlər görür. Belə ki, ötən 2025-ci il ərzində rayon ərazisində 20 000-ə yaxın ağac və kollar əkilib, onlara aqroqulluq təşkil edilib", - deyə RİH-in cavabında vurğulanıb.
Xırdalan şəhərində yerləşən Heydər Parkında ağacların quruması sakinlərin narahatlığına səbəb olub.
Oxu.Az xəbər verir ki, bu barədə Baku.ws-in qaynar xəttinə vətəndaşlar məlumat veriblər.
Onların sözlərinə görə, son vaxtlar park ərazisində ağacların sürətlə quruması müşahidə olunur.
Sakinlər yaşıllıq zolağının vəziyyətinin getdikcə pisləşdiyini bildirərək problemin araşdırılmasını və aidiyyəti qurumlar tərəfindən tədbir görülməsini xahiş edirlər.