Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Yüz ilin dövlət teatrı - TARİXÇƏ
Bu gün Akademik Milli Dram Teatrının dövlət statusu ilə fəaliyyətə başlamasının 100 illiyi qeyd olunur.
Teatr yarandığı vaxtdan etibarən klassik ənənələrə əsaslanmaqla yanaşı, müasir səhnə mədəniyyətinin zirvələrinə doğru inamla irəliləyərək qısa müddətdə zəngin inkişaf yolu keçib. Ötən dövr ərzində görkəmli nailiyyətlər qazanan teatr xalqın ədəbi sərvətinə çevrilib və ölkənin ictimai-mədəni həyatında layiqli mövqe tutub.
Sənətsevərlər Azərbaycan dramaturgiyasının bütün diqqətəlayiq nümunələri ilə məhz Akademik Milli Dram Teatrının dolğun repertuarı sayəsində yaxından tanış olmaq imkanı əldə edib.
1873-cü il martın 10-da görkəmli maarifçi Həsən bəy Zərdabinin rəhbərliyi ilə Bakı Realnı məktəbinin şagirdləri “Nəciblər klubu”nda Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyasını tamaşaya qoyduqdan sonra peşəkarAkademik Milli Dram Teatrının (AMDT) bünövrəsi qoyulub.
Əvvəllər pərakəndə, sonra isə müxtəlif birliklər və truppalar şəklində (“Müsəlman Dram Artistləri İttifaqı”, “Nicat”, “Səfa” mədəni-maarif cəmiyyətləri, “Hacıbəyov qardaşları müdiriyyəti” və s.) tamaşalar qoyan teatr 1919-cu ildən bu günə kimi Dövlət Teatrı statusu ilə fəaliyyət göstərir.
Teatrın adı müxtəlif illərdə Hökumət Teatrosu, Birləşmiş Dövlət Teatrosu, Azərbaycan Türk Dram Teatrosu adlandırılıb. Bir müddət Dadaş Bünyadzadənin (1923-1933) və Məşədi Əzizbəyovun (1933-1991) adlarını daşıyan sənət ocağı 1991-ci ildən Akademik Milli Dram Teatrı adlanır.
Yüksək nailiyyətlərinə görə teatra Akademik adı verilib (1959), Qırmızı Əmək Bayrağı (1948) və Lenin (1974) ordenləri ilə təltif edilib.
Dövlət statusu aldıqdan sonra teatr Moskvada, Sankt-Peterburqda, Kazanda, İrəvanda, Tiflisdə, Daşkənddə, Aşqabadda, Türkiyədə, Kiprdə, Almaniyada, Gürcüstanda, Simferopolda uğurlu çıxışlar edib.
Teatrın 1923-cü ildə 50, 1948-də 75 və 1974-cu ildə isə 100 illik yubileyləri təntənə ilə keçirilib. Həmin dövrlərdə teatr “Şərqin səhəri” ( Ə.Məmmədxanlı) tamaşası SSRİ Dövlət mükafatına, “Antoni və Kleopatra” (U.Şekspir), “Mahnı dağlarda qaldı” (İ.Əfəndiyev), “Şəhərin yay günləri” (Anar) və “İblis” (H.Cavid) tamaşaları isə Respublika Dövlət mükafatlarına layiq görülüb.
Azərbaycan müstəqillik qazanandan sonra isə bu səhnə ocağının yaranmasının 125, 130 və 135 illiyi münasibəti ilə yubiley tədbirləri keçirilib.
Teatrın iki yaruslu zalı 530 tamaşaçı üçün nəzərdə tutulub. Onun strukturuna yaradıcı və texniki heyət, bundan başqa, prodüser fəaliyyəti və analitik informasiya şöbəsi, arxiv, muzey və s. bölmələri daxildir.
Yaradıcı heyətə rejissor assistenti, baş rəssam, truppa müdiri, ədəbi dram hissəsinin rəhbəri, bədii quruluş hissə müdiri, musiqi hissə müdiri, balet üzrə repetitor, vokal üzrə repetitor, texniki heyətə səhnə quraşdırma sahəsi, radio, işıq, geyim, qrim, tikiş (qadın və kişi), butafor, əlbisə, dülgər sexlərinin işçiləri daxildir.
Aktyor truppasında 17 Xalq Artisti, 28 Əməkdar Artist, 17 dram artisti fəaliyyət göstərir.
2011-ci il mart ayının 10-da əsaslı təmirdən sonra teatr mövsümünü açıb.
Teatrın aktyoru, xalq artisti Ramiz Novruz Oxu.Az-a açıqlamasında bildirib ki, Ələsgər Ələkbərov, Möhsün Sənani və digər böyük tarixi sənətkalarımızın ruhunun dolaşdığı bir binanın rəsmi status alması çox xoşdur:
“Bu, çox gözəl təşəbbüs oldu. Teatr insanları üçün növbəti bayramdır. Bu, bizim müdrik olduğumuzu, Azərbaycan xalqının və dövlətinin dünyəvi olduğunun bir daha sübutudur. Çünki onlar qısa müddətdə vaxt taparaq 1919-cu ildə teatra dövlət statusu verə biliblər. Bu gün də teatrın dövlət statusu almasının 100 illiyini qeyd edirik. Bu da bir tarixdir.
Düzdür, Azərbaycan teatrı 1873-cü ildə fəaliyyətə başlayıb. Əvvəllər az da olsa, bir az ədalətsizlik var idi. Nəticədə, qarışılıq düşürdü. Belə ki, Azərbaycan teatrının yubileyi olanda bütün teatrlara təbriklər olurdu. Dövlət Akademik Milli Dram Teatrı da onların içərisinə daxil idi.
Bəzən də bu təbriklər yetərli olmurdu. Çünki hər bir teatrın öz yaranma tarixi var. Amma bəzən bunları qarışdırırdılar. Amma Ulu öndər Heydər Əliyev Azərbaycan teatrının tarixinin Akademik Milli Dram Teatrının tarixi olduğunu deyirdi. Bununla bağlı sərəncam teatr tarixi üçün önəmli oldu. Rəsmi statuslu olması Akademik Milli Dram Teatrının bayramı olacaq.
Eyni zamanda, Ələsgər Ələkbərov, Möhsün Sənani və digər böyük tarixi sənətkarlarımızın ruhunun dolaşdığı bir binanın rəsmi status alması çox xoşdur. Biz də bundan sonra onların adlarına layiq olmağa çalışacağıq”.
Xalq artisti bu tarixi rəsmiləşdirdiyi üçün prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyev bu ilin iyulun 24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Sevinc Yasinqızı
Rəylər