ABŞ-nin Sietl şəhərində baş vermiş atışma ilə əlaqədar 15 yaşlı yeniyetmə saxlanılıb.
Oxu.Az CNN-ə istinadən xəbər verir ki, hadisə iyulun 26-da yüzminlərlə insanın qatıldığı ənənəvi "Bite of Seattle" festivalı zamanı baş verib.
Atışma nəticəsində 18 və 44 yaşlı iki kişi həlak olub. 56 yaşlı qadın, azyaşlı uşaq da daxil olmaqla bir neçə nəfər isə yaralanıb.
Polisin ilkin ehtimalına əsasən, iki nəfər bir-birinə atəş açmağa başlayıb və güllələr ətrafdakı insanlara dəyib. Hadisənin səbəbi hələlik məlum deyil.
Hüquq-mühafizə orqanları ikinci şübhəlinin şəxsiyyətini müəyyənləşdirməyə çalışır. Onun həlak olanlar arasında ola biləcəyi də istisna edilmir.
"Gun Violence Archive" təşkilatının məlumatına görə, bu hadisə 2026-cı ildə ABŞ-də qeydə alınan azı 271-ci kütləvi atışma hadisəsidir.