ABŞ dövlət katibi Marko Rubio İranla nüvə sazişinin bağlanması üçün şərtlərdən birini açıqlayıb.
Oxu.Az-ın xəbərinə görə, diplomat bu barədə "Fox News" telekanalının efirində danışıb.
"Əgər onlar (İran hakimiyyət orqanları) dinc nüvə enerjisi istəyirlərsə, istənilən növ müfəttişlərin müvafiq obyektlərə daxil olmasına icazə verməlidirlər", - deyə Rubio qeyd edib.
O vurğulayıb ki, buraya ABŞ-li müfəttişlər də daxildirlər.
Aprelin 30-da İranın xarici işlər naziri Abbas Əraqçı bildirmişdi ki, İranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli üçün ABŞ ilə danışıqların növbəti raundu mayın 3-də İtaliyanın paytaxtında keçirilməlidir. Lakin ertəsi gün tərəflər Vaşinqton və Tehran nümayəndələri arasında görüşün təxirə salındığını elan ediblər.
Danışıqlar gələn həftəyə təxirə salınıb. Vəziyyəti şərh edən Omanın xarici işlər naziri Bədr bin Hamad əl-Busaidi qərarın "logistik səbəblərə görə" verildiyini qeyd edib.
Öz növbəsində, "Reuters" agentliyi mənbəyə istinadən yazıb ki, ABŞ İranla danışıqların yeni raundunda iştirakını hələ təsdiq etməyib.