ABŞ Prezidenti Donald Tramp noyabrın 19-da Ağ Evin Şərq zalında Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri şahzadə Məhəmməd bin Salmanın şərəfinə şam yeməyi ziyafətində çıxış edərkən masadakı menyu diqqəti cəlb edib.
Oxu.Az "Associated Press" agentliyinə istinadla xəbər verir ki, payız notlu axşam menyusuna ballı, qoz-fındıqlı balqabaq şorbası, kərə yağında qəhvəyi kremlə ədviyyatlı fındıq, ardınca püstə ovuntusunda quzu qabırğası ilə şirin kartof püresi, rapini (brokkoli-rabe) və limonlu nar şirəsi daxil edilib.
Qonaqlara desert olaraq vanilli dondurma ilə armud mussu verilib.
Ziyafətdə Səudiyyə Ərəbistanının nümayəndə heyəti, "Tesla"nın yaradıcısı İlon Mask, FIFA-nın prezidenti Canni İnfantino və dünyaşöhrətli futbolçu Kriştianu Ronaldu iştirak ediblər.
Xatırladaq ki, Donald Tramp noyabrın 18-də Ağ Evdə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əs Səudla görüşüb. Onlar Səudiyyə Ərəbistanı ilə ABŞ arasında müxtəlif sahələrdə strateji tərəfdaşlığın inkişaf etdirilməsi üçün birgə səyləri, habelə regional və beynəlxalq məsələləri müzakirə ediblər.
Tərəflər müdafiə sahəsində strateji saziş, eləcə də bir sıra digər sazişlər imzalayıblar.