Albalı və gilas mövsümünün qısa olması səbəbindən bir çox insan bu meyvələrdən qısa müddətdə bol-bol istifadə etməyə çalışır. Bəs bu meyvələrin təhlükəsiz istehlak norması nə qədərdir və normadan artıq yeyildikdə hansı risklər yaranır?
Oxu.Az xəbər verir ki, bu barədə gazeta.ru-ya Skandinaviya Sağlamlıq Mərkəzinin endokrinoloqu Yekaterina Saxnova danışıb.
Mütəxəssisin sözlərinə görə, şirin dada malik olan gilasın 100 qramında təxminən 50 kilokalori enerji və 12 qram şəkər var. Albalı isə daha turşməzədir, tərkibində 8 qram şəkər olsa da, C vitamini və antosianin baxımından gilasdan 1,5-2 dəfə zəngindir. Həkim bildirib ki, hər iki meyvə sağlamlıq üçün faydalıdır. Belə ki, antosianin iltihabın qarşısını almağa kömək edir, kalium arterial təzyiqi tənzimləyir, melatonin isə sağlam yuxunu dəstəkləyir.
"Bir dəfəyə təhlükəsiz şəkildə 200-300 qram, gün ərzində isə maksimum 400 qram albalı və ya gilas yemək məsləhətdir. Bu, orta hesabla 1,5 stəkan meyvəyə bərabərdir. Təxminən 800 qram kimi həddindən artıq böyük porsiyalar isə mədə-bağırsaq sistemində narahatlıqlara səbəb olur", - deyə Saxnova bildirib.
Onun sözlərinə görə, meyvələrin normadan artıq istehlakı köp və ishala gətirib çıxara bilər. Bunun səbəbi sorbitol və fruktozanın tam həzm olunmaması, bağırsaq bakteriyaları tərəfindən qıcqırmaya məruz qalmasıdır. Turş albalı mədə şirəsinin ifrazını artırdığı üçün ürəkbulanma və qastritin kəskinləşməsinə də səbəb ola bilər. Bundan əlavə, meyvələrin tərkibindəki şəkər və turşular ağız boşluğunun təbii balansını pozaraq kariyes riskini artırır. Bu səbəbdən albalı və ya gilas yedikdən sonra ağzı su ilə yaxalamaq, dişləri isə ən azı 30 dəqiqə sonra fırçalamaq tövsiyə edilir.
Mütəxəssis ən böyük görünməz təhlükənin meyvələrin çəyirdəyi olduğunu vurğulayıb. Onun sözlərinə görə, çəyirdəyin daxilində olan amiqdalin maddəsi mədədə parçalandıqda zəhərli sianid turşusu əmələ gətirə bilər.
"Mədəyə təsadüfən bir-iki bütöv çəyirdək düşərsə, narahat olmağa əsas yoxdur. Onlar həzm olunmadan orqanizmdən xaric edilir. Təhlükə çəyirdəklər çeynəndikdə yaranır. Tibbi praktikada uşaqların çəyirdək ləpələrini çoxlu miqdarda yeyərək zəhərlənməsi halları qeydə alınıb. Əsas əlamətlər ürəkbulanma, baş ağrısı, huşun dumanlanması, ağır hallarda isə qıcolmalardır. Buna görə də çəyirdəklər mütləq atılmalıdır", - deyə o bildirib.
Həkim əlavə edib ki, çəyirdəklərin nəfəs borusuna düşməsi də ciddi risk yaradır. Bu təhlükə xüsusilə azyaşlı uşaqlar və yaşlı insanlar üçün aktualdır. Belə hallarda bronxların tutulması və pnevmoniya inkişaf edə bilər.
Saxnova bildirib ki, şəkərli diabet xəstələrinə gündə 150 qrama, hamilə qadınlara 200 qrama qədər albalı və ya gilas yemək tövsiyə olunur. Üç yaşınadək uşaqlara isə yalnız çəyirdəyi çıxarılmış meyvə verilməli və istehlaka 50 qramdan başlanmalıdır. Podaqradan əziyyət çəkən şəxslər bu meyvələri ehtiyatla, gündə 200 qrama qədər, böyrəkdaşı xəstəliyi olanlar isə maksimum 150 qrama qədər istehlak etməlidirlər.
Mütəxəssis sonda qeyd edib ki, təzə albalı və gilas soyuducuda 5-7 gün saxlanıla bilər. Qurudulmuş meyvələrdə şəkər konsentrasiyası və qlikemik indeks daha yüksək olur. Çəyirdəyi çıxarılmadan bişirilmiş mürəbbələrin isə bir ildən artıq saxlanılması tövsiyə edilmir. Çünki bu müddətdən sonra tərkibdə amiqdalin maddəsinin miqdarı arta bilər.