Almaniyanın 35 yaşlı sakini "Eurojackpot" lotereyasında 120 milyon avro məbləğində cekpot qazanaraq bir gecədə multimilyonçuya çevrilib. Oktyabrın 13-də keçirilən tirajda Avropa lotereyasının maksimum məbləğə çatan əsas mükafatı bir nəfərə qismət olub.
Oxu.Az xəbər verir ki, bu barədə Almaniyanın "WestLotto" lotereya operatoru məlumat yayıb.
Məlumata görə, qalib Şimali Reyn-Vestfaliya federal torpağının Düsseldorf şəhəri yaxınlığındakı Mettmann rayonunda yaşayır. O, bileti "LOTTO24" onlayn platforması vasitəsilə alıb.
35 yaşlı kişi 2020-ci ildən platformanın müştərisidir. Operatorun məlumatına əsasən, o, əvvəlcə tirajda iştirak etməyi planlaşdırmasa da, sonradan fikrini dəyişərək biletə 36.80 avro ödəyib. Nəticədə lotereyanın bütün yeddi rəqəmini düzgün təxmin edən yeganə iştirakçı olub.
Maraqlıdır ki, qalib bu dəfə də bir neçə gün əvvəl ona 10 avro qazandıran eyni rəqəmlərdən istifadə edib. Lakin bu dəfə həmin rəqəmlər ona 120 milyon avro qazandırıb.
"Eurojackpot" lotereyasında iştirakçılar əsas 50 rəqəm arasından beşini, əlavə 12 rəqəm arasından isə ikisini seçməlidirlər. Bütün rəqəmləri düzgün təxmin etmək ehtimalı təxminən 140 milyonda birdir.
Qalibin seçdiyi əsas rəqəmlər 11, 17, 20, 22 və 35, əlavə rəqəmlər isə 4 və 8 olub.