Almaniyada 2009-cu ildən bəri xəstəlik məzuniyyətində olan və təxminən 17 ildir dərs deməyən müəllimə barəsində araşdırma aparılır.
Oxu.Az xəbər verir ki, bu barədə "Die Zeit" nəşri məlumat yayıb.
O, xəstəliyi simulyasiya edərək qanunsuz yolla ödənişlər əldə etməkdə şübhəli bilinir. Duysburq prokurorluğunun məlumatına əsasən, qadının yaşadığı evdə axtarış həyata keçirilib. Müstəntiqlər hesab edirlər ki, o, rəhbərliyə səhhəti barədə yalan məlumatlar verib və uzunmüddətli xəstəlik məzuniyyəti dövründə digər peşə fəaliyyəti ilə məşğul olub.
İstintaqın versiyasına görə, şübhəli şəxs müəllimlik vəzifələrini yerinə yetirə bilmədiyini iddia etməsinə baxmayaraq, naturopat (xəstəliklərin müalicəsində və profilaktikasında sintetik dərmanlar əvəzinə təbii üsullardan, bitkilərdən və sağlam həyat tərzindən istifadə edən mütəxəssis) kimi fəaliyyət göstərib və hətta startap müsabiqəsində iştirak edib. Bu şübhələr öz təsdiqini taparsa, qadın fırıldaqçılığa görə məsuliyyət daşıya bilər.
Cinayət işi yekunlaşana qədər müəlliməyə qarşı başlanmış intizam icraatı müvəqqəti dayandırılıb. Təhsil Nazirliyindən bildirilib ki, yekun qərarın qəbul edilməsinə cinayət istintaqının nəticələri birbaşa təsir göstərə bilər.
2026-cı ilin mayında qadının təqaüdə göndərilməsi ilə bağlı qərar qəbul edilib, lakin o, Düsseldorf İnzibati Məhkəməsində bu qərardan şikayət verib. Hazırda o, tam əməkhaqqı deyil, yalnız ona düşən təqaüd miqdarında ödənişlər alır.