ABŞ-də kibercinayətlərə və kibertexnologiyalardan istifadə etməklə törədilən cinayətlərə görə məsuliyyət daşıyan, yaxud bu cür cinayətlərdə, xüsusən də kiberdələduzluq və seksual şantajla pul almada iştirakı olan şəxslərə qarşı yeni viza məhdudiyyətləri siyasəti tətbiq olunur.
Oxu.Az bu barədə ABŞ Dövlət Departamentinin saytına istinadən xəbər verir.
Viza məhdudiyyətləri bu cür qanunsuz fəaliyyətə cəlb olunmuş şəxslərin yaxın qohumlarına da şamil edilə bilər.
ABŞ dövlət katibi Marko Rubionun sözlərinə görə, tez-tez Çinin transmilli cinayətkar təşkilatlarının rəhbərliyi altında fəaliyyət göstərən dələduzlar təkcə 2024-cü ildə korrupsiya, çirkli pulların yuyulması və insan alverinə rəvac verməklə ABŞ vətəndaşlarını ən azı 10 milyard dollar məbləğində aldadıblar.
Rubio əlavə edib ki, amerikalı uşaqlar da seksual hədə-qorxu məqsədilə dələduzluq sxemləri çərçivəsində xaricdən fəaliyyət göstərən cinayətkarların hədəfinə çevriliblər.
Dövlət Departamentindən vurğulayıblar ki, Donald Tramp administrasiyası bu cür dələduzluq şəbəkələrini ləğv etmək üçün sanksiyalar, məhkəmə təqibi, aktivlərin həbsi, ekstradisiya sorğuları və hüquq-mühafizə orqanlarının beynəlxalq əməkdaşlığını işə salır.