Avropa şirkəti olan MBDA, ABŞ-nin "Tomahawk" raketinin analoqu adlandırılan, "Land Cruise Missile" (LCM) qanadlı raketini təqdim edib. Yenilik Parisdə keçirilən "Eurosatory" beynəlxalq sərgisində nümayiş etdirilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Defense News" nəşri məlumat verib.
Məlumata görə, LCM qanadlı raket olan "Naval Cruise Missile"in (NCM) əsasında yaradılıb. Şirkətin nümayəndəsi Sofi Burdenin sözlərinə görə, yeni raketin mənzili artırılacaq, radioelektron əks tədbirlərə qarşı təkmilləşdirilmiş müqavimətə malik olacaq.
Raketin 2030-cu ilə qədər bazara çıxarılması planlaşdırılır. MBDA layihəni uzunmənzilli zərbə sistemlərinin hazırlanmasına yönəlmiş "European Long-Range Strike Approach" (ELSA) Avropa proqramı çərçivəsində təşviq etməyi planlaşdırır. Burdenin sözlərinə görə, artıq bir neçə ölkə yeni raketə maraq göstərib.
Bundan əlavə, şirkət Fransa Müdafiə Nazirliyinin silahlanma üzrə Baş İdarəsi ilə danışıqlar aparır. MBDA raketlərin ilk partiyasının istehsalı üçün müqaviləni artıq bu il imzalamağı gözləyir.
LCM üçün əsas təşkil edən NCM raketi "SCALP-EG"nin modifikasiyasıdır. Onun uçuş məsafəsi təxminən 1000 kilometr təşkil edir, döyüş hissəsinin kütləsi isə 250 kiloqrama çatır.