ABŞ Yaponiyaya "Tomahawk" qanadlı raketlərinin tədarükünü İranla müharibə nəticəsində yaranan silah çatışmazlığı səbəbindən təxirə sala bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Yaponiya 2025-2027-ci maliyyə illəri ərzində 1 600 kilometr mənzilli 400 ədəd "Tomahawk" raketi almağı planlaşdırırdı. Lakin yaranmış vəziyyətə görə tədarük qrafiki təxminən iki il gecikə bilər.
Bundan əvvəl "Bloomberg" agentliyi də ABŞ-nin 2028-ci ilin mart ayına qədər Yaponiyaya 400 raket çatdıra bilməyəcəyini yazmışdı. Səbəb kimi isə Yaxın Şərqdəki gərginlik və ehtiyatların azalması göstərilir.
CSIS-in məlumatına əsasən, ABŞ İranla hərbi qarşıdurmanın ilk beş həftəsində 1 000-dən çox "Tomahawk" raketindən istifadə edib. Müharibə başlamazdan əvvəl isə ABŞ arsenalında təxminən 3 100 belə raket olub.