Rusiyada olan miqrantlar arasında ən yüksək əməkhaqqını Belarus, Azərbaycan və Gürcüstandan olanlar alır.
Oxu.Az-ın məlumatına görə, bu barədə Report “Kommersant”a istinadən xəbər verir.
Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin apardığı araşdırmalara əsasən, 2017-ci ildə leqal miqrant statusunda azərbaycanlılar və gürcülər orta hesabla 35,9 min rubl (600 ABŞ dolları) maaş alırlar.
Birinci yeri Belarusdan olan miqrantlar tutur - 41,1 min rubl (686 ABŞ dolları).
Ermənistandan olan əmək miqrantlarının maaşı orta hesabla 31,1 min rubl (519 ABŞ dolları) təşkil edir.
Qeyd edilir ki, adətən, azərbaycanlılar Rusiyaya qısa müddətə gəlirlər və onların əksəriyyəti öz həmyerlilərinin müəssisələrində, ticarət sahəsində işləyir.
Azərbaycanlı miqrantlar arasında keçirilən sorğuya əsasən, miqrantların 58,1%-i Rusiyada daimi qalmaq arzusunda, 17,5%-i tez-tez vətəninə gedib-gəlmək, 9,2%-i Rusiyada 1-2 il işləmək, 5,8%-i RF-də bir neçə ay işləyib qazanc əldə etmək niyyətindədir. Digər sorğu iştirakçıları cavab verməkdə çətinlik çəkib.
Araşdırmalar nəticəsində məlum olub ki, 2014-cü ildə Azərbaycan miqrantları arasında qeydə alınan ən yüksək göstərici ilə müqayisədə azalma müşahidə edilir.
N.О.