BMT Baş Assambleyası çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə Finlandiya Prezidenti Aleksandr Stubb arasında baş verən qeyri-adi hadisə kameralar tərəfindən qeydə alınıb.
Oxu.Az xəbər verir ki, Finlandiyanın "MTV Uutiset" telekanalı Ukrayna dövlət başçısının həmsöhbətinin telefonunun ekranına baxarkən verdiyi reaksiyanı xüsusi olaraq vurğulayıb.
Portuqaliyalı jurnalistin lentə aldığı görüntülərdə Stubbun söhbət əsnasında Zelenskiyə nələrisə nümayiş etdirdiyi görünür. Bundan dərhal sonra Ukrayna prezidenti əllərini hərəkət etdirməyə başlayır və Finlandiya siyasətçisinin cihazına baxaraq əlini alnına qoyur.
Materialda qeyd olunur: "Videoda Zelenski əlini alnına qoyur və Stubbun telefonuna nəzər salarkən çaşqın görünür. Onlar söhbət edirlər və bu zaman Stubb ona telefonunu göstərir".
Siyasətçilərin həmin an nəyi müzakirə etdikləri və smartfonun ekranında məhz nələrin olduğu məlum deyil. Sözügedən dialoq Nyu-Yorkda baş tutan BMT Baş Assambleyasının 81-ci sessiyasının tədbirləri fonunda cərəyan edib.