"Boelo" fırtınası Böyük Britaniyada dağıntılara səbəb olub. Küləyin sürəti saatda 137 kilometrə çatıb, onminlərlə insan elektrik enerjisiz qalıb.
Oxu.Az "Daily Mail"ə istinadən xəbər verir ki, Şotlandiyada, Şimali İrlandiyada və İngiltərənin şimalında küləyin sürəti saatda 110 kilometri ötüb.
Sahil ərazilərində isə küləyin sürəti saatda 130 kilometrdən çox olub. Fırtına evlərə və müxtəlif tikililərə ziyan vurub.
Güclü yağışlar da vəziyyəti çətinləşdirib. Uiltşirdə 72 millimetr, Uelsdə və Şotlandiyada isə 43 millimetr yağıntı qeydə alınıb.
Aşmış ağaclar səbəbindən İngiltərə ilə Şotlandiya arasında dəmir yolu əlaqəsi dayandırılıb. Güclü yan külək səbəbindən onlarla təyyarə başqa hava limanlarına yönləndirilib.
Bu, həftəsonu Böyük Britaniyada qeydə alınan ikinci fırtınadır. Bundan əvvəl "Ostin" fırtınası baş verib. İngiltərənin cənub-qərbində bəzi evlər hələ də elektrik enerjisizdir. Enerji şirkətlərinin məlumatına görə, fırtına 131 min obyektə təsir edib.
Fırtına turistlərin planlarını da pozub. ABŞ-nin Nyu-Cersi ştatından yola düşməyə hazırlaşan kruiz gəmisinin sərnişinləri Baham adaları əvəzinə Kanadaya gedəcəklərini səfərə çıxmalarına cəmi 12 saat qalmış öyrəniblər.
İngiltərənin şimalında və Şotlandiyada qüvvədə olan yüksək - "narıncı" təhlükə səviyyəsi bazar günü axşamadək uzadılıb.