“Cirque du Soleil”in gimnastı Liza Skinner Avstraliyanın Birisben şəhərində çıxış zamanı beş metr hündürlükdən yıxılıb.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, hadisə noyabrın 27-də “Kozza” şousunda baş verib.
Gimnast halqa ilə çıxış zamanı yıxılıb. “O, tryuku yerinə yetirməli idi, amma birdən-birə yerə çırpıldı”, - hadisənin şahidlərindən biri bildirib. Skinner huşunu itirib. Şou dayandırılıb. Hadisə yerinə gələn həkimlər 35 yaşlı gimnastı xəstəxanaya aparıblar. Həkimlər onun belinin zədələndiyindən narahat olurlar.
Liza Skinner – bədii gimnastika üzrə ikiqat Avstraliya çempionudur (1996 və 1997). O, həmçinin üç dəfə Olimpiya oyunlarında iştirak edib (1996-cı il Atlanta, 2000-ci il Sidney və 2004-cü ildə Afina). “Cirque du Soleil”də Skinner 2006-cı ildən çıxış etməyə başlayıb.
S.S.
www.oxu.az