Azərbaycanın Türkiyədəki səfirlik əməkdaşının polislər tərəfindən döyülməsi ilə bağlı Ankara şəhər Baş Prokurorluğunda cinayət işi açılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Modern.az-a səfirliyin mətbuat müşaviri Elsevər Salmanov məlumat verib.
O bildirib ki, üç ay öncə, daha doğrusu, martın 29-da səfirliyin əməkdaşı diplomatik dövlət nişanlı rəsmi avtomobildə ailə üzvləri ilə birlikdə yolda gedərkən hər hansı bir qayda pozuntusu olmadan polislər tərəfindən kobud sürətdə dayandırılıb.
E.Salmanovun sözlərinə görə, polislər alçaldıcı sözlərlə diplomatımızı təhqir edib, ona qarşı Diplomatik Əlaqələrə dair Vyana Konvensiyasına tamamilə zidd bir şəkildə davranıb, polislər tərəfindən güclü fiziki təzyiq tətbiq olunub.
“Məsələ ilə bağlı həmin gün Türkiyə Cümhuriyyəti Xarici İşlər Nazirliyinə nota ünvanlanıb, DİN-də sözügedən polislər haqqında təhqiqat prosesi başladılması ilə yanaşı, Ankara şəhər Baş Prokurorluğunda da cinayət işi açılıb. Hər iki proses də hazırda davam etdirilir. Azərbaycan səfirliyi məsələni yaxından izləyir”.
Qeyd edək ki, Türkiyədə polislə Azərbaycan səfirliyinin yüksək rütbəli əməkdaşı arasında əlbəyaxa dava baş verib. Nəqliyyat polisi Ankarada patrul xidməti həyata keçirərkən yol hərəkəti qaydalarını kobud şəkildə pozan və ötmə qaydalarına əməl etməyərək qəza vəziyyəti yaradan diplomatik nömrə nişanlı avtomobili saxlayıb. Polis sürücüdən sənədləri tələb edib.
Sürücü Azərbaycanın Türkiyədəki səfirliyində diplomat olduğunu bildirib, diplomat olduğunu göstərən sənədləri göstərib. Daha sonra sürücü özünün və avtomobilinin diplomatik immunitetə malik olduğunu bəyan edərək polisin onu saxlamağa ixtiyarının olmadığını deyib və yoluna davam etmək istəyib. Lakin polislər diplomata bildiriblər ki, yol hərəkəti qaydalarının pozulması barədə protokol yazmadan avtomobili buraxa bilməzlər. Azərbaycanlı diplomat buna qəzəblənib, diplomatik qaydalara görə, özünün və avtomobilinin toxunulmazlığının olduğunu bir daha bildirib və polislərə sərt reaksiya verib.
Nəticədə polislə diplomat arasında mübahisə başlayıb, mübahisə böyüyüb və diplomatla polislər arasında qısamüddətli əlbəyaxa süpürləşməyə keçib.