ABŞ Prezidenti Donald Tramp bildirib ki, "Bloomberg"in ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov arasındakı söhbətin stenoqramı ilə bağlı yazısını oxumayıb, lakin Vaşinqton və Moskva arasındakı danışıqların özü "adi, standart" danışıqlardır.
Oxu.Az xəbər verir ki, bu barədə Gazeta.ru yazıb.
"Bu, standart bir şeydir, başa düşürsünüz? O (Uitkoff - red.), Ukraynanı Rusiyaya "satmalıdır". Bu, danışıqçının işidir", - deyə Tramp bildirib.
ABŞ lideri, həmçinin bildirib ki, ABŞ-nin Ukrayna ilə bağlı sülh planındakı bəndlərin sayı 28-dən 22-yə endirilib.
Tramp əlavə edib ki, sülh sazişinin imzalanması üçün son müddət yoxdur.
Xatırladaq ki, "Bloomberg" agentliyi mənşəyi bəlli olmayan bir sənəd barədə məlumat yayıb. Məlumatda iddia edilir ki, Rusiya və ABŞ nümayəndələri amerikalıların adından təqdim ediləcək sülh planını müzakirə ediblər.
Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev "Bloomberg"in yazısını şərh edərək onu feyk adlandırıb, habelə Uşakovla Uitkoffun telefon danışıqlarının qeydlərinin mövcudluğunu təkzib edib.