"Taliban" mümkün etirazlardan ehtiyat edərək, Herat şəhərini və Kabilin qərb hissəsindəki Daşti Barçi rayonunu hərbi nəzarətə götürüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "TOLOnews Plus" "Telegram" kanalı məlumat verib.
Məlumata görə, bu ərazilər faktiki olaraq hərbi vəziyyət altındadır.
Kanalın Daşti Barçidəki mənbələrindən biri bildirib ki, iyunun 12-si səhər tezdəndən etibarən "Taliban" qüvvələri avtomobil yolları boyunca yerləşiblər və onların sayı artmaqdadır. Kanalın məlumatına görə, bütün şəhər üzrə zirehli texnikaların və silahlı qüvvələrin yerləşdirilməsi ilə yanaşı, motosikletli "Taliban" patrulları da küçələrdə hərəkət edir. Daşti Barçi rayonunun küçələrindəki patrullar sakinləri yoxlayıblar və hərəkətlərinin məqsədi barədə sorğu-sual ediblər
Həmçinin "Afghanistan International" yazır ki, Herat sakinləri küçələrdə tanklar və artilleriya da daxil olmaqla, yüngül və ağır silahlarla gəzən yüzlərlə əsgər gördüklərini bildirirlər. İçində silahlıların olduğu hərbi maşınlar iyunun 11-dən bəri şəhərdə hərəkət edir, vətəndaşların hərəkətlərini izləyir və axtarışlar aparırlar. Sakinlərin sözlərinə görə, şəhərdə tam hərbi vəziyyət hökm sürür.
Nəşrin məlumatına görə, oxşar vəziyyət Kabildə də yaranıb.
Əfqanıstan hakimiyyəti qadınlar üçün yeni məhdudiyyətlər səbəbindən bir neçə gündür etirazların davam etdiyi Herat şəhərinə hərbi texnika cəlb edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə AFP agentliyi məlumat verib.
Yerli sakinlərin bildirdiyinə görə, iyunun 10-dan şəhərdə təhlükəsizlik qüvvələrinin yerləşdirilməsinə başlanılıb ki, onlar həmçinin insanların telefonlarını da yoxlayırlar.
Məlumata görə, bölgədə iyunun 11-də o, bütün şəhər üzrə yerləşdirilmiş və ərazini patrul edən hərbi maşınlar, eləcə də silahlı polislər və kəşfiyyat agentlərinin olduğu əlavə nəzarət-buraxılış məntəqələri yaradılıb. Yerli sakinin sözlərinə görə, insanlar nümayişlər keçirmək planlarından imtina ediblər.
"Hər küçədə şübhəli şəxsi avtomobil var və gündəlik geyimdə olan insanlar öz maşınlarında oturub insanları izləyirlər", - deyə yerli sakinlərdən biri qeyd edib.
Xatırladaq ki, daha əvvəl Heratda müvafiq qurum tərəfindən qadınlar üçün yeni qaydalar siyahısı dərc edilib. Qaydalar əsasən kosmetikadan istifadəyə qadağanı, mütləq şəkildə corab və maskaların geyilməsini nəzərdə tutur. Bu qaydalara əməl edilmədiyi təqdirdə qadınları saxlanılma və həbs cəzası gözləyir. Bundan sonra sosial şəbəkələrdə yeni qadağalara qarşı etiraz çağırışları yayılıb.