Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Erməni bloqer Vardan Qukasyan ABŞ-də həbs edilib, onu deportasiya gözləyir
DOK Partiyasının qurucusu və keçmiş sədri Vardan Qukasyan ABŞ-nin Miqrasiya və Gömrük Xidməti (ICE) əməkdaşları tərəfindən Las-Veqasda (Nevada ştatı) saxlanılıb və hazırda həbsdədir. Onu deportasiya gözləyir.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Armenpress"in sorğusuna cavab olaraq ICE-nin Şimal-Qərb regionu üzrə kommunikasiya direktoru Alateya Smok məlumat verib.
28 fevralda Qukasyanın partiyası bəyanat yayaraq onunla 21 fevraldan etibarən əlaqənin kəsildiyini bildirib. Qukasyanın tərəfdarları ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirməyi və onun taleyinə aydınlıq gətirilməsini tələb etməyi planlaşdırırdılar. Daha sonra Qukasyanın ürək problemləri səbəbindən ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi barədə şayiələr yayılıb.
ABŞ immiqrasiya xidmətinin məlumatına görə, 47 yaşlı Qukasyan 19 fevral 2022-ci ildə ABŞ-yə gedib, lakin müəyyən edilmiş müddətdə ölkəni tərk etməyib. Buna görə də onun immiqrasiya statusu ilə bağlı rəsmi prosedur başladılıb.
"Ermənistan vətəndaşı Vardan Yuriki Qukasyan ICE-nin nəzarətindədir və Las-Veqasda saxlanılır. O, 20 fevralda miqrasiya qanunvericiliyini pozduğu üçün həbs edilib", - deyə A.Smok bildirib.
Bundan əvvəl DOK Partiyası bəyanat yayaraq Qukasyanın ABŞ hakimiyyətinin nəzarətində olduğunu, lakin hələ həbs edilmədiyini iddia etmişdi.