Ermənistan koronavirus infeksiyası ilə mübarizədə məğlub olan ölkələr siyahısına düşmək üçün bütün imkanlara malikdir.
Ölkədə virusa yoluxanların sayında dəhşətli artım müşahidə olunur, ağır vəziyyətdə olan xəstələrin sayı kəskin artır, səhiyyə sisteminin ehtiyatları tükənməkdədir.
Hakimiyyət isə küçədə maska taxmadığı üçün saxlanılan vətəndaşları sosial şəbəkələrdə rüsvay etməklə məşğuldur.
Vətəndaşlara gəlincə, onlar çəkinməyə səbəb görmür, axı epidemiyanın ilk günlərindən başlayaraq heç kim təhlükəsizlik qaydalarına əməl etmirdi.
Bundan əlavə, bir çoxları mətbuat və ictimai xadimlər tərəfindən COVID-19-la əlaqədar irəli sürülən konspiroloji nəzəriyyələrə inanır.
Lenta.ru saytı Ermənistanın epidemiyanın ikinci dalğası ilə necə əhatə olunduğunu və əhalini necə təhdid etdiyi barədə material hazırlayıb.
Mənbə bildirir ki, ötən həftənin çərşənbə günü baş nazir Nikol Paşinyan “Facebook” vasitəsilə vətəndaşları heyrətə salan xəbərlə çıxış etdi - ölkədə “epidemioloji fəlakət” yaşanır, özü və ailəsi COVID-19 virusuna yoluxub.
Ölkədəki vəziyyət həqiqətən də gərginləşdi: bütün dünyanın məhdudiyyətləri aradan qaldırdığı və koronavirus epidemiyasının azalmağa doğru getdiyini qeyd etdiyi məqamda Ermənistanda xəstələrin sayı üç dəfəyə qədər yüksəldi.
Mayın 20-də Ermənistanda rəsmi olaraq 5 606 nəfərdə virusun aşkarlandığı halda, iyunun 10-da bu rəqəm 14 103-ə yüksəldi. Ölkədə ölənlərin sayında da kəskin artım var. Bütün pandemiya ərzində qeydə alınmış 227 ölüm halından 160-ı mayın 20-dən sonrakı dövrə təsadüf edib.
Bu dövr ərzində koronavirusa yoluxan 77 şəxs isə “başqa səbəblərdən” həyatını itirib.
Heç kim izah etmir ki, koronaviruslu xəstələri öldürən bu “başqa səbəblər” nədir və niyə qeyd olunan səbəblərə görə ölüm halları bu qədər çoxdur.
Lakin güman etmək üçün əsaslar var ki, reallıqda vəziyyət daha pisdir. Misal üçün, iyunun 1-də həkimlər 1 249 şəxsdən analiz götürüb və məlum olub ki, onların yarısının test nəticələri müsbətdir.
Üstəlik, kifayət qədər vəsait olmadığından, sutka ərzində iki mindən çox test aparmaq mümkün deyil. Rəsmilər qismən də olsa, fəlakətin ölçülərini qəbul edirlər.
İyunun 7-də N.Paşinyan Ermənistanda 100 min şəxsin koronavirusa yoluxduğunu təsdiq edən “analitik məlumatlar” yayımladı. Bir müddət sonra hökumət başçısı paylaşdığı yazını redaktə edib və məlumatları silib.
Hökumət dərhal vəziyyətin pisləşməsinə görə vətəndaşları günahlandırmağa başladı. N.Paşinyan qeyd etdi ki, insanlar, xüsusən Yerevanda təhlükəsizlik qaydalarına məhəl qoymur. O, qadağalara məhəl qoymayanlarla “Facebook” vasitəsilə mübarizə aparır, sosial şəbəkələrdə maska taxmayanların və sosial məsafəyə riayət etməyənlərin şəkillərini paylaşır. Baş nazir sosial şəbəkə istifadəçilərini “kütləvi anti-epidemioloji hərəkata” qoşulmağa dəvət edir.

Hakimiyyət hələ ki, digər tədbirləri həyata keçirməyə hazırlaşmır. N.Paşinyan hüquq-mühafizə orqanlarının epidemiya ilə mübarizə aparmayacağına artıq bir dəfə işarə edib. Onun sözlərinə görə, bu məsələnin həllində güc strukturlarının edə biləcəyi heç nə yoxdur.
Baş nazirin paylaşdığı fotolarda, həqiqətən, epidemiya zamanı elementar davranış qaydalarına əməl etməyən kütlə təsvir olunub. Maska və əlcəklərdən istifadə olunmur, istifadə edənlər isə ya maskanı çənəsinə salıb, yaxud da burunlarını maska ilə örtmür. İnsanlar qrup şəklində toplanır, növbələrdə gözləyir, ara məsafəsi saxlamır və s.
Bu görüntüləri epidemiyanın zirvəsini yaşayan ölkəyə aid etmək mümkün deyil. Lakin burada yeni olan heç nə yoxdur, belə ki, baş nazir də başda olmaqla, Ermənistanda heç kim təhlükəsizlik qaydalarına riayət etməyib.
Konspiroloqlar – epidemiyanın müttəfiqləridir
Ermənistanda bütün fövqəladə vəziyyət dövründə (16 martdan başlayaraq) həyat İsveç ssenarisinə uyğun davam edirdi, amma Skandinaviya şüuru və dözümsüzlüyü olmadan.
Ermənilər bir-birini mümkün qədər çox yoluxdurmağa çalışır. Artıq iki aydır ki, “Facebook”un erməni seqmenti karantin qaydalarından əsər-əlamət olmayan foto və videolar paylaşır.
Söhbət ondan gedir ki, toplumda əksəriyyət virusa qeyri-ciddi yanaşır.
Bunun isə minimum iki əsas səbəbi var:
Birinci səbəb - “bəlkə mənə dəymədi” deyərək, heç nə olmayacağına ümid etmək və ətrafdakıların həyatına qarşı etinasızlıq göstərmək.
İkinci səbəb isə koronavirus təhlükəsini inkar edən və ya kiçildən konspirasiya nəzəriyyələridir. Ermənilərin irəli sürdüyü bidətlər siyahısı bütün yalançı və gülməli nəzəriyyələrin palitrasıdır.
Kimsə əmindir ki, COVİD-19 adi soyuqdəymə ilə müqayisə olunacaq xəstəlikdir. Daha az təhsilli ermənilər isə əmindirlər ki, Bill Qeyts və bir qrup “sui-qəsdçi” kütləvi peyvəndləmə bəhanəsi ilə insanlara çip yerləşdirməyə cəhd edir.
Ermənistanda 5G qüllələrinin epidemiyanın səbəbkarı olması barədə absurd fərziyyələr irəli sürənlər də az deyil.

Ən maraqlı məqam isə bəzi məqamlarda həkimlərin özləri tərəfindən dezinformasiyanın yayılmasıdır.
Misal üçün, Yerevan Ağsaqqallar Şurasının keçmiş üzvü, ixtisasca həkim olan Marina Xaçaturyan bildirib ki, koronavirus bioloji silahdır və gələcək məqsədlər üçün istifadə olunacaq.
Dezinformasiya yalnız ayrı-ayrı insanlar tərəfindən yayılmır, kütləvi informasiya vasitələrində də dərc olunur.
Ermənistanda COVİD-19-la “mübarizədə” antibiotiklərin qəbulu da çox yayılmış haldır. İnsanlar antibiotik həbləri qəbul edərək, virusdan qorunacaqlarını düşünürlər.
Əldən verilmiş fürsətlər
Bəlkə də konspiroloqlar özlərini daha təvazökar apara bilərdi. Lakin Ermənistanda pandemiyaya yoluxmuş ilk xəstə haqda elan verildiyi gün (1 mart) ölkənin ən populyar “Facebook” bloqeri N.Paşinyan canlı yayımda epidemiyaya istehza edirdi.
Bu hadisədən bir neçə gün əvvəl çıxış edən ölkənin səhiyyə naziri Arsen Torosyan virusun deyildiyi qədər təhlükəli olmadığını və bu səbəbdən sərt tədbirlərin tətbiqinə ehtiyac duyulmadığını qeyd etdi.
Virus N.Paşinyan komandasının əvvəlki hökumətin üzərinə ata bilmədiyi ilk real problem oldu.
Məhz buna görə, ilkin mərhələdə Ermənistan iqtidarı koronavirusun təhlükəsini inkar etməyə və virus mövzusunu zarafata çevirməyə çalışdı.
Bu ərəfədə yuxarı dairələrin nəzarəti ilə mühüm siyasi proseslər başladıldı, Konstitusiya Məhkəməsinin tərkibində dəyişiklik edildi.
Baş nazir isə vətəndaşlara pis nümunə olmaqda davam edirdi. Məsələn, verilişlərdən birində o, koronavirusu simptomsuz keçirməyin “təbii peyvənd”ə bərabər olduğunu iddia edərək, özünün də bunu yaşamaq istədiyini bildirmişdi.

İflasa uğramış qapanma
Təəccüblü deyil ki, mart ayının sonlarında Ermənistanda elan edilən iki həftəlik sərt karantin və digər məhdudiyyətlər heç bir fayda vermədi. Karantin rejimini pozanlara qarşı heç bir ciddi tədbir görülmədi, qanun pozuntularının miqyası isə o qədər böyük idi ki, polisin qanunlara riayət etməyən hər bir vətəndaşı saxlaması ölkə əhalisinin yarısını həbs etməyə bərabər olardı.
N.Paşinyanın milli fəlakət barədə həyəcan təbili çalmasından sonra isə polis hərəkətsiz vəziyyətdən çıxaraq, ifrat tədbirlər görməyə start verdi.
Bu gün Ermənistanda dəstə-dəstə insan küçədə saxlanılaraq polis zorakılığına uğrayır, döyülür, işgəncəyə məruz qalır.
Təəssüf ki, onlar ABŞ-dan olan həmkarlarının ölkəni irqi qarşıdurma astanasına sürüklədiklərini nəzərə almırlar.

Amerikalılar kimi, ermənilərin də polis zorakılığından savayı, narazı olduğu məqamlar yetərincədir. Ölkədə məhdudiyyətlərin tətbiqi ilk cəhddən sosial və iqtisadi etirazlarla qarşılandı. Kövrək Ermənistan iqtisadiyyatının ikinci qapanmaya davam gətirə biləcəyi isə böyük sual altındadır.
Hakimiyyət xalqı günahlandırır, xalq isə hökuməti. Günahkar isə hər iki tərəfdir, di gəl ki, səhvləri düzəltmək bir yana, onları etiraf etmək istəyən yoxdur. Bu arada hər gün aparılan testlərin 30-40 faizi müsbət nəticə verir. Bu rəqəmlər insanların virusa sürətlə yoluxmasını, səhiyyə sistemində və digər sahələrdə kədərli nəticələrin üzə çıxacağını deməyə əsas verir.