ABŞ istehsalı olan beşinci nəsil çoxməqsədli "F-35 Lightning II" qırıcısına aid potensial məxfi hissələr yanlışlıqla Çinə çatdırılıb və orada onların tədqiq edilməsi ehtimalı var.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat "Bloomberg" agentliyinin dərc etdiyi məqalədə yer alıb.
Nəşrin mənbələrinin məlumatına görə, "Lockheed Martin" şirkətinin istehsalı olan detallar, o cümlədən qırıcının kabinə fənəri və silah bölməsinin qapağı may ayında Avstraliyadan ABŞ-yə təmir və ya ləğv olunmaq üçün yola salınıb. Lakin UPS şirkəti hələlik məlum olmayan səbəblərdən onları Honkonqa təhvil verib. Qeyd edilən ehtiyat hissələri təyyarənin radarlardan yayınmasını təmin edən gizli texnologiyalar əsasında hazırlanıb.
Mənbələrin bildirdiyinə görə, Çin hökuməti detalları əldə edib, lakin onları hələ də geri qaytarmayıb. Bir müddət əvvəl Pentaqon nümayəndələri detalların geri qaytarılması və hadisənin səbəblərinin aydınlaşdırılması istiqamətində iş apardıqlarını bəyan ediblər.
Məqalədə vurğulanır ki, ABŞ Çinin "F-35" haqqında daha çox məlumat əldə etməyə çalışdığını düşünür. Məhz bu narahatlıqlar sözügedən qırıcıların Birləşmiş Ərəb Əmirliklərinə satışı ilə bağlı müqavilənin ləğv edilməsinə səbəb olan amillərdən biridir.