Ermənistanın baş naziri Nikol Paşinyan ilə İran Prezidenti Məsud Pezeşkian arasında ikitərəfli görüş baş tutub.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, bu ikitərəfli görüş Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində baş tutub.
Danışıqlar zamanı Paşinyan Ermənistan və İran arasındakı əməkdaşlığın müsbət istiqamətdə inkişaf etdiyini, müxtəlif sahələrdə ortaq layihələrin həyata keçirildiyini qeyd edib.
Tərəflər iki ölkə arasındakı ticarət və iqtisadi əlaqələrin mövcud vəziyyətini, eləcə də bu münasibətlərin daha da genişləndirilməsi üçün atılacaq addımları müzakirə ediblər.
Görüş iştirakçıları regionda sülhün və sabitliyin təmin olunmasının vacibliyini xüsusi vurğulayıblar. Bundan əlavə, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.