Macarıstanın Baş naziri Peter Madyarın Ukraynanın Avropa İttifaqına (Aİ) sürətləndirilmiş şəkildə qoşulması ilə bağlı bəndi Aİ sammitinin ilk gününün yekun sənədindən çıxarması Kiyevə zərbə olacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Almaniyanın "Focus" jurnalında məqalə dərc edilib.
Yazının müəllifi qeyd edir ki, sözügedən dəyişiklik Ukrayna üçün hədəfdən geriyə doğru atılmış bir addımdır.
Nəşr yazır ki, danışıqların mahiyyəti dəyişməz qalsa da, Aİ bu ifadəni çıxarmaqla növbəti addımların tez atılması ilə bağlı təzyiqləri aradan qaldırır.
Məqalədə avropalı diplomatlara istinadən vurğulanır ki, rəsmi Budapeşt bununla Kiyevin Aİ-yə üzvlük şərtlərinin bütün tələblərini tam yerinə yetirməyənə qədər heç bir xüsusi imtiyaza sahib olmayacağını açıq şəkildə nümayiş etdirib.
Madyarın açıqlamasına görə, sözügedən bəndin çıxarıldığı yekun bəyanat ilk dəfədir ki, bir il yarım ərzində 27 ölkənin hamısı tərəfindən dəstəklənib.
Qeyd edək ki, Madyar əvvəllər də Macarıstanın Ukraynanın Avropa İttifaqına sürətləndirilmiş şəkildə daxil olmasına qarşı çıxdığını bəyan etmişdi. O vurğulamışdı ki, heç bir ikili standartı qəbul etmir və Ukraynanın sürətləndirilmiş şəkildə birliyə qoşulmasına ehtiyac görmür. Bundan əlavə siyasətçi bildirmişdi ki, Brüssel tərəfindən rəsmi üzvlük qərarı verilməzdən əvvəl bu dövlət qarşıda hələ olduqca uzun bir yol qət etməlidir.