ABŞ Prezidenti Donald Tramp Qətər dövlətinin ona bağışladığı yeni "Air Force One" xüsusi təyyarəsini ictimaiyyətə nümayiş etdirib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "NBC News" telekanalı yayıb.
Təyyarənin təqdimat mərasimi Vaşinqton yaxınlığında yerləşən Endryus aviabazasında baş tutub. Tramp hava gəmisini bütün göstəricilərinə görə "ən üstün və nəhəng" adlandıraraq, onu "indiyə qədər misli görünməmiş lüks səviyyəli uçan Ağ Ev" kimi xarakterizə edib.
Təxmini dəyəri 400 milyon dollar olan "Boeing 747" qırmızı, ağ və mavi rənglərlə dizayn edilib. Bu yeni layner iyulun 4-də ABŞ-nin müstəqilliyinin 250 illik yubileyi münasibətilə paytaxtda təşkil olunacaq hava paradına "başçılıq" edəcək.
Ağ Evin məlumatına əsasən, hava gəmisi dövlət rəhbərinin rəsmi işgüzar səfərlərində istismar ediləcək, lakin Trampın prezidentlik müddəti başa çatdıqdan sonra onun şəxsi prezident kitabxanasının balansına köçürüləcək.
"Boeing 747-8" modelli təyyarə Qətər əmirinin ailəsi tərəfindən bağışlanıb. "ABC" telekanalının mənbələrinə görə, bu, xarici dövlətlər tərəfindən ABŞ-yə təqdim edilən ən bahalı hədiyyə kimi tarixə düşüb. Birləşmiş Ştatlar Prezidenti "Truth Social" platformasında Pentaqonun hazırkı "bir nömrəli bort"u müvəqqəti əvəzləmək məqsədilə sözügedən təyyarəni hədiyyə qismində qəbul edəcəyini təsdiqləmişdi.
Qeyd edək ki, "ABC"nin məlumatına əsasən, Ağ Evin hüquqi nümayəndələri artıq bu cür bahalı hədiyyənin qəbulunun qanuni olduğunu əsaslandıran sənədlərin hazırlanmasını yekunlaşdırıblar. Lakin bir şərtlə ki, təyyarə Trampın səlahiyyət müddətinin sonunadək onun prezident kitabxanasının mülkiyyətinə keçsin.
Məlumata görə, respublikaçı prezidentin bu layneri qəbul etmək qərarı Konqresdə ciddi narazılıqla qarşılanıb.