Fransada dövlət sektorunda çalışanların birgünlük ümummilli tətili başlayıb.
Oxu.Az Fransa KİV-ə istinadən xəbər verir ki, həmkarlar ittifaqları tərəfindən ölkənin müxtəlif bölgələrində 170-dən çox nümayiş və yürüş keçirilməsi planlaşdırılır.
Təhsil, səhiyyə və sosial xidmət sahələrinin əməkdaşları, yerli administrasiyaların işçiləri, polis və yanğınsöndürənlər aksiyalara qoşulacaqlar. Yalnız Parisdə keçiriləcək yürüşdə 40 minədək insanın iştirak edəcəyi gözlənilir.
Qeyd olunub ki, tətil iştirakçıları hökumətin 2027-ci il büdcəsində maaşların indeksləşdirilməsinin dondurulmasını nəzərdə tutan planına qarşı çıxırlar. Onlar inflyasiyaya uyğun olaraq maaşların artırılmasını tələb edirlər. Büdcə layihəsinin oktyabrın 1-də təqdim ediləcəyi gözlənilir.
Dövlət sektorunda çalışanlar həmçinin əmək şəraitinin yaxşılaşdırılmasını, dövlət xidmətlərinin qarşısında duran vəzifələrə uyğun olaraq büdcə vəsaitlərinin və əlavə resursların ayrılmasını tələb edirlər.
Qeyd edək ki, artıq bir neçə min fransalı yanğınsöndürən Parisdə etiraz aksiyası keçirib.
Yanğınsöndürənlər yuxarıdakı tələblərə əlavə kimi, yanğınların söndürülməsi üçün vəsait çatışmazlığından narazıdırlar. Həmkarlar ittifaqları yanğınsöndürmə-xilasetmə bölmələrinin iş yükünün artdığını bildirirlər.
Yürüş Parisin cənub-şərqində yerləşən İtaliya meydanından başlayıb. Ölkənin müxtəlif bölgələrindən Parisə gələn aksiya iştirakçıları qırmızı tüstü fişəngləri yandırıb, sirenləri işə salıb və petardalar partladıblar.
Aksiya Fransada meşə yanğınları ilə bağlı son dərəcə gərgin keçən yay mövsümündən sonra keçirilir. Mövsümün əvvəlindən ölkədə 13.5 mindən çox yanğın qeydə alınıb və alov təxminən 119 min hektar ərazini əhatə edib.