Hindistanın Kəlküttə şəhərində Durqa-puca bayramı üçün qurulan pavilyonda yaranan izdiham nəticəsində azı 17 nəfər həyatını itirib, 25-dən çox insan isə xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə NDTV yerli polisə istinadən məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, qəfil başlayan yağış zamanı pavilyonda çoxlu sayda insanın toplaşması çıxışda basabas yaranmasına səbəb olub. Yaralılar xəstəxanaya çatdırılıblar.
Hadisə şahidlərinin sözlərinə görə, bayram iştirakçılarından bir çoxu huşunu itirib, bəzi yaralılar isə xəstəxanaya motosikletlərlə aparılıb.
Şahidlərdən biri bildirib ki, pavilyonun giriş və çıxış yolları olduqca dar olub, ərazidə isə ümumiyyətlə işıqlandırma olmayıb.
Qeyd edək ki, Durqa-puca Hindistanın Qərbi Benqaliya ştatında Durqa ilahəsinin şərəfinə qeyd olunan əsas bayramdır. Kəlküttədə bu bayram xüsusi təntənə ilə keçirilir.