Hindistan boşanmaların sayına görə dünyada sonuncu yerlərdən birini tutur, lakin son vaxtlar ailələrin dağılması adi hala çevrilməyə başlayıb.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, ekspertlər bildirir ki, Hindistanda boşanma ərizələrinin çoxunda zorakılıq və ya hüquqi dildə deyilsə, “qəddarlıq” səbəb kimi göstərilir.
Lakin zorakılığın nədən ibarət olması uzun debatlara səbəb olub. Bunu müəyyən etmək, xüsusilə də sözü gedən şəxsin psixoloji travmaya məruz qalıb-qalmamasına görə çətindir.
Ali Məhkəmə bildirir ki, “nikah məsələlərində psixoloji qəddarlığın təyin olunması üçün dəqiq parametrlər” bəlli deyil.
Belə yayğın hüquqi təfsir ucbatından Hindistan məhkəmələri bəzən “qeyri-fiziki zorakılığın” interpretasiyasında cəfəng nəticələrə gəliblər. Atiş Patel bir neçə belə məhkəmə işlərindən söz açır.
Seks zülmkarı

Seksə “ifrat həvəs və doyumsuzluq” da boşanma səbəbi kimi göstərilir.
Sekssiz nikahlar qlobal boşanmaların əsas səbəbidir. Ötən il Mumbaydan (əvvəlki Bombey) olan bir kişi 2012-ci ildə evləndiyi arvadının həddən artıq seks tələb etməsinə görə boşanmaq istəmişdi.
Press Trust of India xəbər agentliyinin yazdığına görə, bu kişi ərizəsində qadının “ifrat və doyumsuz seks iştahasına” malik olduğunu yazırdı.
O iddia edirdi ki, arvadı onu daim, hətta xəstə olanda da seksə məcbur edib, o imtina edəndə isə gedib başqa kişilərlə yatacağı ilə hədələyib. Kişi bildirirdi ki, arvadının “qəddar davranışı” və “lovğa, aqressiv, tərs və avtokratik təbiəti” onunla birgə yaşayışı mümkünsüz edir. Ötən il Mumbay məhkəməsi, qadının məhkəməyə gəlməməsi ilə əlaqədar kişinin iddiasını təmin edib.
Milli qeyrət

Kişi arvadının işə gedərkən milli hind paltarları geyinməkdən imtina etməsinə görə iztirab çəkdiyini bildirib.
Qəddarlıq zəminində başqa bir boşanma iddiasında ər göstərirdi ki, o arvadının “geyim hissi”ndən iztirab çəkib.
2009-cu ildə evlənmiş bu 30 yaşlarında olan kişi bildirirdi ki, arvadı iş yerində milli hind paltarı yox, köynək və şalvar geyindiyi üçün ona iztirab gətirib.
Ailə məhkəməsi bu iddianı üç il əvvəl təmin etmişdi, amma Bombey ali məhkəməsi həmin hökmü ləğv edib.
Məhkəmə hökmündə deyilirdi: “Boşanma qapılarını bu qədər geniş açmaq olmaz. Yoxsa bütün xasiyyəti düz gəlməyən adamlar boşanmaq istəyə bilər”.
Sızanaq “iztirabı”

Kişi şikayət edirdi ki, arvadının üzündəki səpgi və sızanaqların ucbatından bal ayı zamanı cinsi əlaqəyə girə bilməyib.
Hindistanda qohumlar tərəfindən razılaşdırılmış nikahlar geniş yayılıb, lakin bir nəfərin boşanma iddiasında göstərdiyi səbəb tamamilə qəribə səslənirdi. O şikayətlənirdi ki, arvadının üzündəki sızanaqlar ona iztirab verir.
O iddia ərizəsində yazırdı ki, arvadının üzündəki səpgi və sızanaqlar onu 1998-ci ildə keçirdikləri bal ayı zamanı cinsi əlaqəyə girməkdən məhrum edib.
2002-ci ildə kişinin xeyrinə hökm çıxarmış Bombey ailə məhkəməsinin qərarında deyilirdi: “qadının çiyrəndirici vəziyyəti əlbəttə qadının özü üçün də faciədir, lakin kişi üçün də travmatik olub”.
Məhkəmə hökmündə daha sonra deyilirdi: “Qadın, dərisinin vəziyyəti barədə əvvəlcədən məlumat verməməklə fırıldağa əl atıb”.
Məhkəmə hətta qadına verilmiş tibb arayışını da nəzərə almamışdı. Həkim arayışında bildirilirdi ki, dəri xəstəlikləri müalicə olunandır və seks həytına mane ola bilməz.
Sızanaqlar rəsmi boşanma səbəbi kimi hüquqi baxımdan qəbul edilməsə də, ölkə əhalisinin 80 faizi üçün icbari olan Hindistan Hindu Nikah Qanununa görə cüzam, yoluxucu zöhrəvi xəstəliklər, o cümlədən HİV virusu və B hepatiti boşanmaya əsas verə bilər.
E.Ə.
www.oxu.az