Hər il yanvarın 27-də Holokost qurbanlarının Beynəlxalq Anım Günü (International Holocaust Remembrance Day) qeyd edilir.
Bu barədə qətnamə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 2015-ci ilin noyabrın 1-də qəbul edilib. Sənədin qəbul edilməsinin təşəbbüskarları İsrail, Kanada, Avstraliya, Rusiya, Ukrayna, ABŞ, həmmüəllif kimi isə 90-dan çox ölkə çıxış edib.
Holokost (Holocaust) – qədim yunan “holocaustosis” sözündəndir, mənası “yandırma”, “odla məhvetmə”, “qurbanvermə” mənasını verir. Müasir elmi ədəbiyyatda və publisistikada nasist Almaniyanın, onun müttəfiqlərinin 1933-1945-ci illərdə altı milyon yəhudinin təqibi və məhv edilməsi siyasətini ifadə edir.
İlk dəfə termin “Nobel” sülh mükafatının gələcək laureatı yazıçı Eli Vizel tərəfindən ölüm düşərgələrinin qaz kameralarının və krematorilərin simvolu kimi istifadə edilib.
Anım günü təsadüfi seçilməyib: 1945-ci ilin yanvar ayının 27-də Sovet ordusu Osventsim-Birkenau (Polşa) ölüm düşərgəsini azad edib. Burada müxtəlif dəyərləndirmələrə görə, bir milyon yarımdan 4 milyona qədər adam ölüb. Osventsimdə ölənlərin dəqiq sayı müəyyən edilməyib, belə ki, sənədlərin çoxu məhv edilib. Nyurenberq tribunalının sənədlərinə görə, bu düşərgədə 2,8 milyon adam öldürülüb, onlardan 90% yəhudi idi.
BMT-nin Baş Assambleyasının 2005-ci il 1 noyabr tarixli qətnaməsi üzv dövlətləri maarifləndirici proqramların hazırlanmasına çağırıb, buna səbəb Holokost dərslərinin gələcək nəsillərin yaddaşında əbədi qalması və gələcəkdə belə soyqırımların qarşısının alınmasıdır.
“Holokost yəhudi xalqının üçdə birinin və digər azlıqların saysız nümayəndələrinin məhv edilməsi, hər zaman insanlar üçün fanatizmin, irqçiliyin və nifrətin özündə gizlətdiyi təhlükə haqqında xəbərdarlıq olacaq”, - BMT BA-nın qətnaməsində deyilir.
Holokost qurbanlarının Beynəlxalq Anım Günü, yalnız ölənlərə hörmət və sağ qalanlara ehtiram nümunəsi deyil, bu həm də hərəkətə keçməyə çağırışdır. O, üzv dövlətlərə antisemitizm və irqçilik ilə mübarizə, bu qəbildən olan cinayətlərin gələcəkdə təkrar olunmasının qarşısını almaq üçün maarifləndirici proqramları hazırlamaq imkanı verir.
N.O.
www.oxu.az