"ABŞ və İran arasında srağagün imzalanmış anlaşma memorandumu Hörmüz boğazının yenidən açılması və tərəflərin Tehranın nüvə proqramı ilə bağlı danışıqlar masasına qayıtması üçün zəmin yaradır".
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "YouTube" kanalının hazırladığı videosüjetdə bəhs edilir.
"Həmçinin bu razılaşma İran üçün dərhal bir üstünlük yaradır: neft satışını sərbəst şəkildə yenidən bərpa etmək imkanı. Neft ixracının bərpası ilə Tehran itirdiyi gəlirləri yenidən əldə edə bilər. Bunun müqabilində ABŞ və İran 60 günlük müddətdə danışıqlara başlayacaq və həmin müzakirələrin əsas mövzusu İranın nüvə proqramı ilə bağlı yeni razılaşmanın əldə edilməsi olacaq. Donald Tramp bu razılaşmanı 2015-ci ildə imzalanmış nüvə sazişindən daha sərt formada etməyə çalışacaq.
Memoranduma əsasən, Hörmüz boğazı yenidən açılacaq və ABŞ İran limanlarına tətbiq etdiyi blokadanı ləğv edəcək. Bu, dünyada yanacaq qiymətlərinin azalmasına kömək edə bilər. Gəmilərin boğazdan keçidi 60 gün ərzində rüsum tutulmadan həyata keçiriləcək, lakin gələcəkdə bu vəziyyət dəyişə bilər. Müharibə zamanı İran tərəfindən Hörmüz boğazının bağlanması Tehranın ən mühüm təzyiq vasitələrindən biri idi. Bu addım enerji qiymətlərinin artmasına, əsas istehlak mallarının bahalaşmasına və dünya üzrə iqtisadi narahatlıqların güclənməsinə səbəb olmuşdu", - deyə materialda bildirilib.