Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Qətər DİN: "Göydə vurulan İran raketlərinin qalıqları ölkənin bir sıra yaşayış məntəqələrinə düşüb"
"İrandan atılan və hava hücumundan müdafiə sistemləri ilə vurulan raketlərin qalıqları Qətərin bir neçə yaşayış bölgəsinə düşüb, itki yoxdur".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Qətər Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Cabir əl-Nuaimi məlumat verib.
O, İranın Amerikanın "Əl-Udeyd" aviabazasına endirdiyi zərbələrdən sonra keçirilən mətbuat konfransında deyib:
"Milli Komandanlıq Mərkəzi yaşayış məntəqələrinə dağıntıların düşməsi barədə məlumat alıb. Qırıntılar kiçik yanğınlara səbəb olub, yanğınlar söndürülüb. Tələfatın olmadığını təsdiq edirik".
İranın ABŞ-nin "Əl-Udeyd" hava bazasına endirdiyi zərbədən sonra Qətərdə təhlükəsizlik vəziyyəti sabitdir.
Oxu.Az xəbər verir ki, bu barədə Qətər Daxili İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat verilib.
Nazirlik narahatlıq üçün əsas olmadığını vurğulayıb.
Qeyd olunur ki, nazirlik digər aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində vəziyyətin inkişafını diqqətlə izləyir və əhalinin təhlükəsizliyinin təmin olunması üçün bütün zəruri tədbirləri görməyə hazırdır.
İranın Qətərdəki ABŞ bazasına hücumu hava hücumundan müdafiə sistemləri tərəfindən uğurla dəf edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Qətərin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində ölən və xəsarət alan olmayıb.
"The New York Times"ın məlumatına görə, İran itkiləri minimuma endirmək üçün ABŞ bazasına qarşıdan gələn hücumla bağlı Qətəri öncədən xəbərdar edib. Bildirilir ki, İran faktiki olaraq boş hərbi bazaya zərbələr endirib.
İranın Milli Təhlükəsizlik Şurası ABŞ-nin Qətərdəki bazasına zərbələr fonunda bəyanat yayıb.
Bəyanata əsasən, ABŞ-nin təcavüzünə qarşı raket cavabı tarazlığı bərpa etmək məqsədilə həyata keçirilib və atılan raketlərin sayı ABŞ tərəfinin İranın nüvə obyektlərinə zərbələr endirərkən istifadə etdiyi bombaların sayına uyğun olub.
Zərbə yaşayış məntəqələrindən uzaq ərazilərə endirilib və dost Qətər əhalisi üçün təhlükə yaratmayıb.
Bəyanatda həmçinin İranın Qətərlə isti və tarixi münasibətləri saxlamaq və inkişaf etdirmək öhdəliyi vurğulanır.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Bəşərat əl-Fəth" hərbi əməliyyatının başa çatdığını və Qətərdəki Əl-Udeyd aviabazasına "güclü və dağıdıcı" raket zərbəsi endirdiyini elan edib.
Oxu.Az xəbər verir ki, bu barədə SEPAH-ın rəsmi bəyanatında deyilir.
"Biz İslam İranının düşmənlərinə xəbərdarlıq edirik - döyüş bitdi", - SEPAH qeyd edib.
İran Qətərdəki ABŞ bazalarına 6 raket atıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
Eyni zamanda, ABŞ-nin İraqdakı bazaları da hədəfdədir.
Bildirilir ki, Doha səmasında hava hücumundan müdafiə sistemləri işə düşüb.
İranın dövlət televiziyası xəbəri təsdiqləyərək qeyd edib ki, İran Qətərdəki ABŞ bazalarına qarşı "Bəşarat əl-Fəth" əməliyyatına başlayıb.
Qeyd olunur ki, zərbə ABŞ Koalisiyasının Hava Əməliyyatları Mərkəzinin yerləşdiyi Əl-Udeyd Hərbi Hava Qüvvələri bazasına endirilib.

"İran-ABŞ münasibətləri" teqi üzrə xəbərlər
- İranın uranı, İsrailin planı, Trampın sülh imtahanı
- KİV: "İran rəsmiləri ABŞ ilə danışıqlara başlamaq üçün Xameneinin icazəsini gözləyirlər"
- Peskov: "Tramp Putinə İrana zərbə endirmək niyyəti barədə məlumat verməyib"
- NYT: "ABŞ hökuməti İranın zənginləşdirilmiş uranı hara köçürdüyünü tapa bilmir"
- Nyu-Yorkda etirazlar: Minlərlə insan ABŞ-nin İrana zərbələrinə qarşı küçələrə çıxdı