"İran İsrailin təcavüzü dayandırmasından sonra yəhudi dövlətinə qarşı cavab zərbələrini dayandırıb, lakin hərbi əməliyyatların dayandırılmasına dair heç bir razılaşma imzalanmayıb".
Oxu.Az-ın "Mehr"ə istinadla verdiyi məlumata görə, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyinin müavini Səid Xətibzadə bəyan edib.
"Bizim sionist rejimlə (İsrail nəzərdə tutulur - red.) hər hansı maddələri ehtiva edən yazılı razılaşmamız olmayıb. Baş verən, sadəcə olaraq, sionistlər tərəfindən təcavüzün dayandırılmasıdır. Bunun fonunda isə İran hərbi hazırlığını saxlayaraq, heç bir hücum həyata keçirməyəcək", - deyə o bildirib.
Xatırladaq ki, İsrail 13 iyun gecəsi İrana qarşı hərbi əməliyyata başlayıb. Təxminən bir sutkadan sonra İran cavab zərbələri endirib. Sonrakı günlərdə də tərəflər qarşılıqlı olaraq bir-birini atəşə tutmağa davam ediblər. İyunun 22-də ABŞ də münaqişəyə qoşularaq İsfahan, Fordo və Natanzdakı nüvə obyektlərini bombalayıb. İyunun 23-də Tehran ABŞ-nin Yaxın Şərqdə ən böyük hərbi hava bazası olan Qətərdəki "Əl-Udeyd" bazasına raket zərbəsi endirib. Daha sonra ABŞ prezidenti Donald Tramp İsrail və İranın atəşi tamamilə dayandırmağa razılaşdıqlarını bəyan edib. 24 iyunda atəşkəs qüvvəyə minib.